Ukrayna hərbçilərinin ərazilərin uzaqdan minalanması üçün dronlardan istifadə etdiyi və partlayıcı qurğuları adi məişət əşyaları formasında gizlətdiyi açıqlanıb.
"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının istehkamçısı “Zubr” ləqəbli hərbçi məlumat verib.
Onun sözlərinə görə, dronlardan insanların diqqətini cəlb edən pul kisələri, pul əskinasları, smartfonlar və hətta uşaq oyuncaqları atılır. Bu əşyaların içərisində partlayıcı qurğular gizlədilə bilər.
“Düşmən tez-tez diqqəti cəlb edən əşyalardan istifadə edir. Buna pul kisələri, pul dəstələri, smartfonlar və uşaq oyuncaqları daxildir. Bu barədə xüsusilə uşaqları xəbərdar etmək vacibdir”, - deyə o bildirib.
Hərbçilər vətəndaşları tanımadıqları və sahibsiz əşyalara toxunmamağa, onları götürməməyə və belə əşya aşkar etdikdə dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırıb.