Ru
12:25 / 19 İyul 2019

Qədim Sarıbaşın başı dərddədir: kəndsiz ölkəyə çevrilirik – FOTOSİLSİLƏ

8915

Texnologiya hər nə qədər inkişaf edirsə-etsin, insanlar nə qədər şəhərlərə, meqapolislərə  inteqrasiya edirsə-etsin, içimizdə təbiətə, kəndlərə, doğal yaşama bağlılıq hər zaman olub və olacaq.


Azərbaycan insanı bir çox ölkələrin vətəndaşlarına nisbətən kəndlərinə daha bağlı olsa da, burada kəndli ənənələrinin qorunub saxlanılması, təsərrüfat növlərinin sayı sürətlə azalmaqdadır. Kəndlilərimiz ekranlarda gördükləri serialların təsiri ilə "komfortlu yaşam”a keçid ediblər: evlər müasirləşib, təsərrüfatın sayı azalıb, ya da ümumiyyətlə ləğv edilib.

 

Xüsusilə ötən ay baş tutan rayonlara səfərim zamanı baş çəkdiyim ən ucqar kəndlərdən tutmuş, rayon mərkəzinə yaxın kəndlərin heç birində özümü tam olaraq kənddə hiss edə bilmədim. Buna ən  müasir avtomobillər, evlərdə fasadın müasirləşdirilməsi, peyk antenləri, yeni dam örtükləri və ən əsası duymadığım kənd qoxusu  səbəb oldu. Nə isə yarımçıqlıq var, nə kənd kimi kənd deyil, nə qəsəbə kimi qəsəbə, nə də şəhər kimi şəhər... 


Ümidimi tam üzməmişdim.  Hələ də ümidli idim ki, hansısa ucqar dağ kəndimizdə axtardığım mənzərəni tapacağam. Bu minvalla Qax rayonunun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, İlisu kəndindən 7 km. şimal qərbdə yerləşən Sarıbaş kəndinə yola düşdüm. Bu kənd həm də öz qiymətli balı ilə məşhurdur. Əgər ən azı İlisu kəndində olmusunuzsa, "Sarıbaş balı” ifadəsini eşidib, satış nöqtələrini görmüsünüz.  

 

 


İlk ayaq basdığımda hardasa istəyimə çatmışdım deyə sevinirdim. Çünki bizi qədim evlər, kirəmitli damlar, taxta qapılar qarşılamışdı. Kəndin dərinliyənə gəzintiyə çıxdığım zaman isə məyus olmağa başladım. Çünki qədim evlər sakinlər tərəfindən sökülüb yenidən tikilirdi. Onlardan bəzilərinə yaxınlaşıb nə üçün belə etdiklərini soruşduğumda, "Nə vaxta qədər bu şəraitdə yaşayacağıq?” cavabını aldım. Bu cavab özü-özlüyündə məni kədərə qərq etdi. Hələ də ümid edirəm ki, "şəraiti yaxşılaşdırdıqları” zaman evlərin görünüşü heç olmasa əvvəlkilərə bənzədiləcək. Əks halda "Azərbaycanda kənd var” deməyə haqqımız yoxdur. 

 


 

Məlumat üçün qeyd edim ki, qonşu Gürcüstanın dünya turistinin diqqətini çəkəcək şəkildə qədim tikililəri olan ən az  9 möhtəşəm kəndi var. 

Bəs mənim ölkəmin?

 


 

 


Azər Kazımov

BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər