Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 999" ləqəbi ilə tanınan bloger İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
"Bakupost" xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama münasibət bildirən İ.Hacıyeva özünü təqsirli bilmədiyini deyib.
Daha sonra İ.Hacıyeva ifadəsində həmin gün qızı və rəfiqəsi Müjgan Məmmədzadə ilə dənizə getdiklərini bildirib:
"Qızım Bakıya gəlmişdi, birlikdə dənizə getdik. Səhərə yaxın aeroporta gedəcəkdi. Mərdəkan-Qala yolu ilə gedirdik, sürət həddimiz 70-80 idi. Sürəti azaldıb dönmək istəyəndə arxadan işıq sürəti ilə maşın gəlib elə keçdi ki, maşın yerində yellənməyə başladı. Birdən gördüm ki, həmin maşın düz üç dəfə yerində dönməyə başladı. Qorxudan, həyəcandan dizlərim tutuldu, həmin an özümdən getdim. Gözümü xəstəxanada açanda dəli kimi qışqıraraq qıza "su verin" dediyim anı xatırlayıram".
O, Almaniyada olanda müxtəlif sosial şəbəkə hesablarından hədələyici mesajlar aldığını söyləyib: "Mesajlarda "Bakıya qayıt, gördüyümüz yerdə dərini soyacağıq" kimi yazılar var idi. Mən müstəntiq tapıb onunla danışdım, mesajlar barədə ona bildirdim. O dedi ki, narahat olmayın, siz sadəcə şahidsiniz. Bakıya gələndə müstəntiqi yığıb burada olduğumu dedim. İfadə vermək istədiyimi bildirdim. O mənə icazəli olduğunu, işə çıxmadığını bildirdi. Mən təzədən Almaniyaya qayıtdım. Çox keçmədi ki, müstəntiq zəng etdi ki, gəl Bakıya, izahat ver. Gəldim, gələn kimi mənim ölkədən çıxışıma "stop" qoyuldu".
Zərərçəkənin hüquqi varisi I.Məlikova bildirib ki, bu qətimkan tədbiri ilə razı deyil:
"Hadisə vaxtı sənə kömək elədilər, bəs düşünmədin ki, onlar da kiminsə övladıdır? Şikayətçiyəm".
Məhkəmədə daha sonra şahidlər ifadə verib.
Şahid Babək Piriyev bildirib ki, İ.Hacıyevanın idarə etdiyi maşının icarədarı olub:
"İlduzə xanım bizdən maşın kirayələmişdi. Sonra bizə zəng etdilər ki, belə bir bədbəxt hadisə baş verib. Gedib maşını aeroportdan götürdük. Bir neçə gün sonra mənə polisdən zəng gəldi. Maşın 1 aya yaxın polisdə qalmışdı".
Növbəti məhkəmə prosesi avqustun 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Gecə yarısı “Changan” markalı avtomobili idarə edən "Arzum" sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
"Arzum" ləqəbli blogerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.