Münhen Təhlükəsizlik Hesabatı 2026 İkinci Dünya müharibəsindən sonra qurulmuş beynəlxalq sistemin “dağılma prosesinə” girdiyini bildirir və ABŞ-ın artıq qlobal nizamın qoruyucusu deyil, onu zəiflədən aktor olduğunu vurğulayır.
Bakupost.az xəbər verir ki, hesabat 62-ci Münhen Təhlükəsizlik Konfransı (MSC) öncəsi “Dağılma təhlükəsi” başlığı ilə yayımlanıb.
Hesabatda, ABŞ-ın beynəlxalq hüquq və institutları gözardı edən siyasəti “dünya nizamını güclülərin və zənginlərin üstün olduğu bir sahəyə” çevirdiyi qeyd olunub. Ukrayna məsələsində ABŞ-ın tərəddüdlü mövqeyi və strateji geri çəkilməsi Avropada güvən problemi yaradıb. Sorğular göstərir ki, almanların 66, ingilislərin 52, fransızların 50 faizi ABŞ-ı NATO-da daha az etibarlı müttəfiq hesab edir.
Hesabat müəllifləri Tobias Bunde və Sofi Eysentraut yazır ki, beynəlxalq sistem artıq razılaşma yox, güc əsasında işləyir və buna uyğunlaşmayan ölkələr “əzilmə” riski ilə üzləşir. Hesabatda ABŞ Prezidenti Donald Tramp “məhv gülləsi” siyasəti ilə mövcud qurumları hədəf alan əsas aktor kimi təqdim olunur, prinsipial əməkdaşlığın yerini “al-ver” ticarəti və şəxsi maraqların aldığı vurğulanır.
Avropada “Pax Americana” sonrası axtarışlar davam edir. Hesabat qeyd edir ki, Avropa ölkələri hələ də təhlükəsizlik istehlakçısı rolundan təminatçı roluna keçə bilməyib. Müdafiə xərclərini artırmaq və elastik koalisiyalar qurmaq səyləri aparılsa da, ABŞ-ın boşluğunu doldurmaq çətin görünür.
Son illərdə Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Çin qlobal inkişaf maliyyəsində daha görünür olsa da, onların strategiyaları ənənəvi Qərb donorlarından fərqlənir.
Fevralın 13-də 100-dən çox dövlət başçısı və xarici işlər, müdafiə nazirlərinin qatılacağı konfransın əsas gündəmi məhz dağılma siyasəti və nəticələri olacaq.
Cavid, BakuPost