İranda əmtəə və xidmətlərin inflyasiyası kəskin artıb. Sentyabrda illik inflyasiya 45,3 faiz təşkil edib ki, bu da mayın 23-dən bəri ən yüksək göstəricidir. 
Bakupost.az xəbər verir ki, aylıq inflyasiya avqustda 2,9 faizdən sentyabrda 3,8 faizə yüksəlib. 
 
Sentyabrda ərzaq inflyasiyası illik bazada yüzdə 57,9 olub. Ekspertlər bu rəqəmi “şokedici” adlandırıb. Balıq, dəniz məhsulları, tərəvəz, paxlalılar kimi məhsulların qiyməti kəskin artıb. 
İqtisadiyyatçı və analitiklərin fikrincə, iqtisadi, maliyyə və sosial vəziyyətin pisləşməsinin əsas səbəbi BMT-nin Tehrana qarşı cari ilin sentyabrında tətbiq etdiyi bir sıra sanksiyaları bərpa etməsi olub. Bu sanksiyalar iqtisadi blokada rolunu oynayır və İranın qlobal bazarlara və maliyyə sistemlərinə çıxışını məhdudlaşdırır. Nəticədə xüsusən də xaricdə istehsal olunan malların qıtlığı yaranır və bu səbəbdən qiymətlər kəskin artmağa başlayır.
Bundan əlavə, Tehran özünün əsas ixrac məhsulunu - nefti ixrac etmək hüququndan məhrumdur ki, bu da öz növbəsində hökuməti iqtisadiyyatın balanslaşdırılması siyasəti aparmaq imkanından məhrum edir. 
İranda dövlət xərclərini ödəmək üçün fəal şəkildə “pul çap edirlər”. Adətən, hökumətlər gəlir və xərcləri balanslaşdıra bilməyəndə “valyuta emissiyası” yoluna əl atırlar ki, bu da milli valyutanın ucuzlaşmasına gətirib çıxarır. Sadə vətəndaşlara məxsus əmanətlərin xeyli hissəsi bank sistemindən çıxarılaraq bazara töküldükdə bu proses daha da kəskinləşir. Nəticədə ölkə daxilində dövriyyədə olan milli valyutanın həcmi artır. Bundan əlavə, iranlılar sadəcə olaraq öz milli valyutalarına etibar etmir, inflyasiyanın 59,02 faiz həddini keçdiyi 1995-ci ildəki hiperinflyasiyanı yaxşı xatırlayır və əmanətlərini qızıl, dollar və ya avroda saxlamağa üstünlük verirlər.
Transformasiya cəhdlərinə baxmayaraq, ölkə ixrac gəlirlərinin 70 faizini təşkil edən neft və qazdan ciddi şəkildə asılı qalmaqda davam edir. Bu gəlir mənbəyi sanksiyalara görə quruyanda iqtisadiyyata ağır zərbə vurulur. Bundan əlavə, İranda mürəkkəb bürokratik və tənzimləyici-hüquqi sistem var ki, bu da biznes imkanlarını, o cümlədən yerli və ya xarici investorlar üçün çətinləşdirir. 
Asena, 
BakuPost