Müğənni Nəfəsin dələduzluqda ittiham etdiyi “LorenzoHome” şirkətinin sahibi Orxan Bünyadzadə iddialara münasibət bildirib.
Bakupost.az xəbər verir ki, o, açıqlamasında səsləndirilən fikirləri təkzib edib.
O. Bünyadzadə qeyd edib ki, müğənninin evinin təmiri tamamlanıb və bütün mebellər artıq mənzilə yerləşdirilib:
“Nəfəs xanımın qərəzli çıxışlarına görə qərara gəldim açıqlama verim. Nəfəs xanımın evini təmir etmişəm və mebellər də artıq hamısı evindədir. O bildirib ki, təmir bərbaddır, mebellər yoxdur.
Mənzilin sahəsi 160 kvadratmetrdir. Biz onu 70 min manata təmir etmişik. Kvadratmetri ortalama hardasa 450 manata düşür. Söküntü də həmin qiymətin içindədir. Ev sökülüb, yenidən təmir olunub.
Təmirlə bağlı elə bizim şirkətdə görüş keçirdik. Nəfəs xanım iki bəylə gəldi. Dediyinə görə, biri həyat yoldaşı idi. Mən də hörmətlə qarşıladım, dedim ki, 2–3 faiz qoymuşamsa üstünə, nə yaxşı, gəl araşdıraq. O da öz tanışlarına zəng etdi. Məlum oldu ki, mayası 11 min manat olan mebelə mən 16–17 min manat qiymət demişəm. Yəni mebeldə təxminən 6 min manat qazanc nəzərdə tutulub.
Üstündən hardasa 1 həftə keçib. Bütün mebellər evindədir. Heç kim deyə bilməz ki, mən kiminsə pulunu yemişəm, haqqını kəsmişəm.
Deyir orada quldurluq olub. Heç quldurun nə olduğunu bilirsən, Nəfəs? Sən yəqin özün quldurlarla çox oturub-durmusan ki, elə bilirsən bu adı hər kəsə qoymaq olar”.
Xatırladaq ki, iki gün əvvəl Nəfəs Daxili İşlər Nazirliyinə müraciət edib. O bildirib ki, “LorenzoHome” şirkətinin sahibi Orxan Bünyadzadə bütün ödənişi aldığı halda evin təmirini başa çatdırmayıb. Müğənni çıxılmaz vəziyyətdə olduğunu qeyd edərək, ailəsi ilə birlikdə çətin durumda qaldığını vurğulayıb.
Lalə,BakuPost