İranda davam edən şiddətli quraqlıq hökuməti qonşu ölkələrdən su almaq imkanını nəzərdən keçirməyə vadar edib.
Bakupost.az “Fars” xəbər agentliyin istinadən xəbər verir ki, ölkənin enerji naziri Abbas Əliabadi “Bizə su satmaq istəyən ölkə olsa, alarıq” deyib.
Lakin İranın qonşularının əksəriyyətində də su çatışmazlığı var. İraq, Əfqanıstan, Pakistan və Türkiyənin sərhəd bölgələrində son 12 ayda orta və yüksək səviyyəli quraqlıq müşahidə olunur.
İran son illər quraqlıqdan ən çox zərər görən ölkələrdən biridir. Son beş ildə yağıntılar kəskin azalıb. İran Meteorologiya İdarəsi 2025-ci ilin payızını son 60 ilin ən quraq dövrü adlandırıb. Tehranda yağışlar ötən illə müqayisədə 40% azalıb, rezervuarlar tükəndiyi üçün 10 milyonluq şəhərin köçürülməsi belə gündəmə gəlib.
Quraqlığın səbəbi təkcə iqlim dəyişikliyi deyil. Sərfəli su siyasəti əvəzinə hökumətin çox su tələb edən kənd təsərrüfatı məhsullarına subsidiyalar ayırması vəziyyəti ağırlaşdırıb.
BMT eksperti Kave Madani “Forbes”a açıqlamasında bunu “su böhranı deyil, su iflası – təbii ehtiyatların illərlə normadan artıq istismarının nəticəsi” adlandırıb. Onun sözlərinə görə, ölkədə su istehlakının 90%-i kənd təsərrüfatının payına düşür və sahədə kəskin islahatlara ehtiyac var.
Cavid, BakuPost