Bu gün Qusar İncəsənət Məktəbinin önündə dahi bəstəkar Elza İbrahimovanın büstünün təntənəli açılışı olub.
Bakupost.az xəbər verir ki, bu barədə yazıçı-şairə Sədaqət Kərimova paylaşıb edib.
Paylaşımda bildirib ki, rayon ictimaiyyəti nümayəndələrinin təşəbbüsü ilə baş tutan bu tədbirdə rayonun ağsaqqalları, tanınmış ziyalıları, Elza İbrahimova sənətinin vurğunları və bəstəkarın qardaşı Çingiz İbrahimov iştirak edib:
"Çıxış edənlər bənzərsiz sənətkara olan ümumxalq sevgisindən, onun ölməz əsərlərindən minnətdarlıqla söz açıblar. Sonra rayon incəsənət məktəbinin yetirmələrinin iştirakı ilə bəstəkarın mahnılarından ibarət konsert olub.
Belə gözəl tədbirdə unudulmaz xatirələrlə bağlı olduğum, istedadına və əyilməz qüruruna heyran olduğum böyük şəxsiyyət və bənzərsiz sənətkar haqqında söz demək mənim üçün olduqca qürurverici idi. Elza haqqında ən çox yazan müəlliflərdən biri olsam da, hələ onun haqqında deyiləsi o qədər sözlər var ki... Bu yaxınlarda çapdan çıxacaq növbəti kitabımın ən böyük bölməsi "Elza" adlanır.
Təəssüf ki, Elzanın dühasını, onun yaradıcılığının miqyasını, fundamental əsərlərinin qiymətini, ümumən musiqi irsinin zənginliyini hələ tam dərk etməmişik. Bir gün gələcək, onun operaları nəhayət, öz səhnə təcəssümünü tapacaq, dünyanın müxtəlif ölkələrindəki milyonlarla pərəstişkarı bu hadisəni sevinc və qürur hissi ilə qarşılayacaq. Mən buna əminəm.
Abidəsi önündə isə kövrəlməyə bilmirəm. Uşaq kimi saf və saya, təbiətən həssas və kövrək Elza gözlərimin önündə canlanır. Ucaboy, ağbəniz, alagöz, sarısaç ləzgi gözəli. Heç kimin xətrinə dəyməyən, heç kəs qarşısında əyilməyən, qapılar döyməyən, daim haqsızlıqlara tuş gələn, ədalətsizliklərlə üzləşən, həyatdan, insanlardan incik düşsə də yaradıcılıq atəşi heç vaxt sönməyən, bütün varlığı ilə Azərbaycana bağlı olan böyük sənətkar! Əfsanəvi şəxsiyyət! Ona el məhəbbəti, xalq sevgisi heç zaman azalmayacaq",- o paylaşımında qeyd edib.