İran tərəfi gözlənilməz addım atıb.
Bakupost.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçı Hörmüz boğazının atəşkəs müddəti ərzində tam açıq olduğunu bəyan edib.
O bildirib ki, Livanda əldə edilən atəşkəsə uyğun olaraq, İran razılaşdırılmış marşrut üzrə atəşkəs müddətinin qalan hissəsi boyunca bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidini tam açıq elan edib.
Politoloq Natiq Miri
Bakupost.az-a bildirib ki, İranın bu addımı ABŞ ilə konkret anlaşmanın nəticəsi olaraq atılıb: “Atəşkəs razılaşması Hörmüz boğazının açılması ilə bilavasitə əlaqəli idi”.
Digər tərəfdən, ekspertə görə, beynəlxalq hüquq nöqteyi-nəzərindən də həmin məsələ ilə bağlı Tehran üzərində böyük təzyiq var:
“Çünki BMT Konvensiyasına görə, Hörmüz boğazı beynəlxalq status alıb. Ona görə bütün gəmilər ərazidən rahatlıqla keçə bilər. İranın ona mane olması isə beynəlxalq hüququ kobud şəkildə pozması anlamına gəlir”.
Həmsöhbətimiz İranla Fransa arasında danışıqların da Hörmüz boğazının açılmasına öz təsirini göstərdiyini düşünür:
“Paris Londonla birlikdə atəşkəsdən sonra həmin keçidin təhlükəsizliyini təmin etməklə bağlı koalisiya yaradıb. Fransanın tələbilə İranın prosesdən narazı qalmaması üçün ABŞ və NATO bu razılaşmada yer almayıb. Deməli, boğazın təhlükəsizliyini təmin etmək üçün BMT səviyyəsində mandat alacaq güc mərkəzi də var”.
Politoloqun sözlərinə görə, İranın bu günə qədər Hörmüzlə bağlı əks fikir səsləndirməsi isə sadəcə olaraq ABŞ ilə danışıqlarda onu daha böyük qiymətə satmaq məqsədi daşıyıb: “Amma artıq buna da ehtiyac qalmaylb. Ona görə də Tehran dünyanın üzərinə düşməməsi üçün sonda boğazın açılmasına razılıq verdi”.
Rüfət Sultan,
BakuPost