İtaliyanın paytaxtı Romada bu gün (martın 9-da) “İftar–Ramazan 2026” tədbirinin ikinci buraxılışı keçiriləcək. Tədbir yerli vaxtla saat 19:30-da “The St. Regis Rome” hotelində baş tutacaq.
Bakupost.az xəbər verir ki, təşkilatçıların məlumatına görə, tədbir beynəlxalq gərginliyin artdığı və Yaxın Şərqdə böhranın dərinləşdiyi bir dövrdə xristianlıq, islam və yəhudilik nümayəndələrini bir araya gətirəcək.
Tədbirdə Vatikanın dövlət katibi Pietro Parolin, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin iştirakı gözlənilir.
Bununla yanaşı, proqramda din xadimləri İtaliya və Müqəddəs Taxt-Tac yanında akkreditə olunmuş səfirlər, eləcə də dövlət, akademik və mədəniyyət sahələrinin nümayəndələrinin iştirakı planlaşdırılır. Təşkilatçıların məlumatına görə, tədbirdə 43 diplomatik nümayəndəlik təmsil olunacaq.
“İftar–Ramazan” görüşü Azərbaycan və Mərakeşin Müqəddəs Taxt-Tac yanındakı səfirliklərinin təşəbbüsü ilə keçirilir. Tədbir “Media İnternational Communication Club” tərəfindən, Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə təşkil olunur.
İlk buraxılışdan sonra tədbir yenidən həssas geosiyasi şəraitdə keçirilir və əsas məqsəd dinlərarası və diplomatik dialoqu gücləndirmək kimi təqdim olunur.
2026-cı il buraxılışını simvolik edən məqamlardan biri də mart ayında üç dini bayramın – müsəlmanların Ramazan, xristianların “Müjdə günü” və yəhudilərin “Purim”in eyni dövrə təsadüf etməsidir.
Təşkilatçıların fikrincə, müxtəlif dini təqvimlərin bu cür üst-üstə düşməsi fərqli icmalar arasında dialoq üçün əlavə imkan yaradır. Onların planına görə, Ramazanda gündəlik orucun açıldığı iftar süfrəsinin paylaşılması münaqişələrin nəticələri və dinlərarası dialoqun rolu barədə müzakirələr üçün də platforma rolunu oynayacaq.
Cavid, BakuPost