“Rus Könüllü Korpusu”nun (RDK / RVC) qurucusu və komandiri 41 yaşlı Denis Kapustin Ukraynadakı döyüşlər zamanı həlak olub.
Bakupost.az Rusiya və Ukrayna yönlü bir sıra teleqram kanallarına istinadən xəbər verir ki, Kapustin ötən gecə Zaporoje istiqamətində döyüş tapşırığını yerinə yetirərkən öldürülüb.
İlkin məlumatlara əsasən, Kapustin “FPV” tipli pilotsuz uçuş aparatının zərbəsi nəticəsində həlak olub. Hadisənin baş verdiyi ərazi Ukrayna ordusunun nəzarətində olan cəbhə xəttində yerləşir. Ölüm faktı “Rus Könüllü Korpusu”na yaxın resurslar tərəfindən də təsdiqlənib.
Denis Kapustin, həmçinin “White Rex” ləqəbi ilə tanınırdı. O, Ukrayna ordusu sıralarında vuruşan və əsasən Rusiya vətəndaşlarından ibarət olan hərbi birləşmənin yaradıcılarından idi. Birləşmə Rusiya Federasiyasına qarşı döyüş əməliyyatlarında iştirak edib və bir neçə dəfə Rusiya ərazisinə, o cümlədən Belqorod və Kursk vilayətləri istiqamətində silahlı əməliyyat həyata keçirib.
Kapustin özü dəfələrlə açıqlamalarında Ukrayna tərəfində Rusiyaya qarşı vuruşduğunu, məqsədinin isə Rusiya hakimiyyətinə və mövcud siyasi sistemə qarşı silahlı müqavimət göstərmək olduğunu bildirib. Bununla yanaşı, o, Ukrayna Silahlı Qüvvələrinin rəsmi hərbi qulluqçusu sayılmırdı, lakin RDK-nın Ukrayna ordusu ilə koordinasiyalı şəkildə fəaliyyət göstərdiyi qeyd olunurdu.
Rusiya Denis Kapustini və “Rus Könüllü Korpusu”nu terrorçu və ekstremist qurum kimi tanıyıb. Kapustin ölkəsində qiyabi olaraq bir sıra ağır maddələr, o cümlədən Rusiya ərazisinə silahlı müdaxilədə iştirak ittihamı ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Ukrayna rəsmi qurumları Kapustinin ölümü ilə bağlı hələlik açıqlama verməyib.
Cavid, BakuPost