Rusiya ilə ölüm-dirim müharibəsində qarşı tərəfin daha böyük səfərbərliyə hazırlaşdığı bir məqamda Ukrayna tərəfi səfərbərlik yaş həddini aşağı salmağı düşünür.
Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahı səfərbərlik yaş həddinin 60-dan 50 və ya 55-ə endirilməsini müzakirə edir.
“Bakupost” xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin katibi Roman Kostenko məlumat verib.
Onun sözlərinə görə, Baş Qərargah ordu üçün kritik və ya qıt ixtisas sahibi olan hərbi vəzifəlilər istisna olmaqla, 50 və ya 55 yaşdan yuxarı vətəndaşların çağırışına məhdudiyyət qoyulması variantını dəyərləndirir.
O bildirib ki, hələlik yekun qərar qəbul edilməyib və hazırda müxtəlif ssenarilər nəzərdən keçirilir.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyinə səfərbərlik sistemində dəyişikliklər edilməsi ilə bağlı tapşırıq verib.
Müharibə aparan bir ölkədə səfərbərlik yaşının endirilməsi görəsən hansı zərurətdən irəli gəlib?
Hərbi ekspert Üzeyir Cəfərov
“Bakupost”a bildirib ki, Ukraynanın atmaq niyyətində olduğu bu addım ölkə ordusunun artıq vaxtilə problemli olan bir sıra məsələləri həll etdiyinin göstəricisidir:
“Ukrayna ordusunun şəxsi heyətində çatışmazlıq müşahidə edilsəydi, yəqin ki, bu məsələyə müraciət edilməzdi”.
Ekspert qeyd edir ki, çağırış yaşının 60-dan 50-55-ə endirilməsinin müzakirə olunması Ukrayna Baş Qərargahının orduya daha keyfiyyətli çağırışçıların cəlb olunmasında maraqlı olduğunu göstərir:
“Güman ki, məhz bu variant ölçülüb-biçilib. Rusiya isə həm Şimali Koreyadan əsgər cəlb edir, həm də daxildə daha 900 min insanı yenidən silah altına almaq istəyir. Yəqin, yekun qərar verilərkən Ukrayna bu məqamları da nəzərə alacaq. Ukraynada həmçinin 25 yaşdan aşağı vətəndaşların səfərbər olunmasına ehtiyac yoxdur. Çünki xidməti vəzifələri icra edənlər yetərincədir”.
Ekspert gözlənilən bu dəyişikliyi müsbətə doğru atılacaq addım hesab edir.
Bu əsasda da o düşünür ki, həmin addım heç də şəxsi heyətdə çatışmazlıq yaratmayacaq:
“Şəxsi heyətin çatışmazlığı ordunun döyüş imkanlarının aşağı salınması deməkdir. Ona görə də Kiyevin buna düşünülmüş şəkildə gedəcəyinə inanmıram. Rəsmi Kiyev bilir ki, gözlənilən bu addımın döyüş hazırlığına, keçirilən müdafiə və hücum xarakterli hərbi əməliyyatlara hansısa bir maneəsi olmayacaq. Ukrayna ordusu Rusiya ordusuna qarşı yetərincə dirəniş göstərir və bundan sonra da göstərəcək”.
Rüfət Sultan,
BakuPost