Ru
14:02 / 25 Avqust 2026

Məleykə Abbaszadədən tələbələrə çağırış: “Ən qiymətli qabiliyyətinizi süni intellektə verməyin”

Məleykə Abbaszadədən tələbələrə çağırış:  “Ən qiymətli qabiliyyətinizi süni intellektə verməyin”
Eye

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul olunaraq tələbə adını qazanan gənclərə müraciət edib.

"Bakupost" xəbər verir ki, DİM rəhbəri birinci kurs tələbələrini təbrik edib, eyni zamanda öz tələbəlik illərindən danışaraq gənclərə mühüm tövsiyələr verib.

Məleykə Abbaszadə 17 yaşında Moskvaya gedərək Moskva Dövlət Universitetinin tələbəsi olduğu günləri xatırladıb. O bildirib ki, məktəbdə ən yaxşı şagirdlərdən biri olmağa öyrəşsə də, universitetdə ciddi seçimlərdən keçmiş güclü gənclərin əhatəsinə düşməsi onda əvvəlcə müəyyən tərəddüdlər yaradıb:

“İlk düşüncələrimdən biri belə idi: birdən burada ən güclülərdən biri mən olmasam? Birdən hər şey əvvəlki kimi əla alınmasa?”

DİM rəhbərinin sözlərinə görə, həmin dövrdə yataqxana həyatı, tanımadığı şəhər, məişət qayğıları, pulunu və vaxtını düzgün bölüşdürmək, ailə və dostlardan uzaqda yaşamaq onun üçün tamamilə yeni həyat təcrübəsi olub.

Abbaszadə qeyd edib ki, tələbəlik illərində öyrəndiyi ən vacib həqiqətlərdən biri azadlığın məsuliyyətdən ayrılmaz olmasıdır.

O, bugünkü tələbələrin əvvəlki nəsillərlə müqayisədə daha böyük imkanlara sahib olduqlarını da vurğulayıb. DİM rəhbəri gənclərin dünyanın aparıcı universitetlərinin mühazirələrinə, kitab və elmi məqalələrə asanlıqla çıxış əldə etdiyini, həmçinin süni intellektdən öyrənmək üçün istifadə edə bildiyini bildirib.

Lakin Məleykə Abbaszadə süni intellektlə bağlı tələbələrə mühüm xəbərdarlıq da edib:

“Bir şeyi unutmayın: texnologiya sizin yerinizə düşünməyə başlamamalıdır. Süni intellektdən istifadə edin, amma ən qiymətli qabiliyyətinizi — müstəqil düşünmək bacarığınızı ona verməyin”.

DİM rəhbəri tələbələrə özlərindən daha güclü insanlarla eyni mühitdə olmaqdan çəkinməməyi tövsiyə edib. Onun sözlərinə görə, universitetin əsas üstünlüklərindən biri məhz insanın öyrənə biləcəyi şəxslərin əhatəsində olmasıdır:

“Sual verin. Bilmədiyinizi etiraf etməkdən çəkinməyin. Fikrinizi əsaslandırmağı, daha güclü arqumentlə qarşılaşanda isə onu dəyişməyi bacarın”.

Abbaszadə gəncləri səhv etməkdən qorxmamağa da çağırıb. Bildirib ki, insan yalnız uğurlarından öyrənmir və əsas məsələ səhvlərin həyatı dağıtmasına imkan vermədən onları təcrübəyə çevirməkdir.

O, sosial şəbəkələrdə başqalarının həyatını görərək özünü onlarla müqayisə etməyin də yanlış olduğunu vurğulayıb:

“Sosial şəbəkələr sizə insanların həyatının yalnız seçilmiş fraqmentlərini göstərir. Sizin əsas müqayisə nöqtəniz dünənki özünüz olsun”.

Məleykə Abbaszadənin fikrincə, tələbəlik yalnız mühazirələrdən, imtahanlardan və dərsliklərdən ibarət olmamalıdır. Bu illərdə dostluğa, sevgiyə, kitablara, musiqiyə, idmana, səyahətlərə, tələbə layihələrinə, könüllülüyə və ilk müstəqil qərarlara da yer olmalıdır.

DİM rəhbəri müraciətini tələbələrə ünvanladığı düşündürücü sualla tamamlayıb:

“Diplom bir gün yalnız hansı ixtisası bitirdiyinizi təsdiq edəcək. Amma daha vacib sual budur: bu illər ərzində siz necə bir insan oldunuz?”

Məleykə Abbaszadə tələbələri bir daha təbrik edərək onlara açıq və uğurlu yol arzulayıb.

BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar