Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub. Bu təyinatdan sonra DİM-ə kimin rəhbərlik edəcəyi məsələsi gündəmə gəlib. Yeni sədrin kim olacağı ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.
Mövzu ilə bağlı
"Bakupost"a təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, DİM-ə təhsil sistemini dərindən tanıyan, idarəçilik təcrübəsinə və bu sahədə konkret nailiyyətlərə malik şəxsin rəhbər təyin olunması məqsədəuyğun olardı.
Ekspert Məleykə Abbaszadənin DİM-ə rəhbərlik etdiyi dövrdə qurumda formalaşdırdığı idarəçilik prinsiplərini yüksək qiymətləndirib:
"Xüsusilə Dövlət İmtahan Mərkəzindəki fəaliyyəti dövründə Məleykə xanımın şəffaflıq, obyektivlik, doğruluq və dürüstlük prinsiplərinə sadiqliyi danılmazdır. Hesab edirəm ki, Məleykə xanım Dövlət İmtahan Mərkəzindəki fəaliyyəti dövründə formalaşdırdığı şəffaf və qeyri-leqal yanaşmalardan uzaq idarəçilik təcrübəsi Bakı Dövlət Universitetindəki fəaliyyətində də özünü göstərəcək. Son dövrlərdə Bakı Dövlət Universitetində gündəmə gələn bir sıra problemlərin, o cümlədən korrupsiya məsələlərinin həllini tapacağına və bu hallara son qoyulacağına ümid edirik.
Dövlət İmtahan Mərkəzinə gəlincə, hesab edirəm ki, builki qəbul imtahanlarında ciddi dəyişikliklər olmayacaq. Əgər müəyyən dəyişikliklər edilərsə, xüsusilə imtahanların asanlaşdırılması və sadələşdirilməsi müsbət addım olar. Çünki qəbul imtahanlarının hazırda beş, altı fənn üzrə keçirilməsi o qədər də müsbət təəssürat yaratmır. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, bir çox ölkədə universitetlərə qəbul prosesi nisbətən asanlaşdırılır, universitetdə təhsil isə daha çətin və tələbkar olur. Ümid edirik ki, yeni rəhbərlik bu istiqamətdə müvafiq addımlar atacaq".
Ramin Nurəliyev DİM-in yeni sədri ilə bağlı ilkin ehtimallarını da açıqlayıb. Onun fikrincə, bu vəzifəyə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun və Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun namizədliyi nəzərdən keçirilə bilər:
"Elmar Qasımovhəm rəhbər vəzifələrdə çalışıb, Elm və Təhsil nazirinin müavini olub. Eyni zamanda, Bakı Ali Neft Məktəbinə rəhbərlik etdiyi dövrdə bu təhsil müəssisəsini sıfırdan quraraq onun inkişafına və cəmiyyətdə yüksək nüfuz qazanmasına töhfə verib. Eləcə də Rüfət Əzizovun da Sumqayıt Dövlət Universitetindəki fəaliyyəti dövründə korrupsiya problemlərinin aradan qaldırılması istiqamətində mühüm addımlar atdığını düşünürəm. Onun Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rəhbər təyin olunmasından sonra universitetin inkişafı göz önündədir. Beynəlxalq reytinqlərdə universitetin mövqeyinin yaxşılaşmasını da onun fəaliyyəti ilə əlaqələndirmək olar. Hesab edirəm ki, bu iki şəxsdən birinin Dövlət İmtahan Mərkəzinə rəhbər təyin olunması qurumun fəaliyyətinin və əldə etdiyi uğurların davam etdirilməsinə mühüm töhfə verə bilər. Açığı, yeni rəhbər vəzifəsində məhz bu iki şəxsdən birini görməyi arzulayardım".
Lalə, BakuPost