Ru
12:09 / 20 Noyabr 2026

Paşinyanın siyasi missiyası başa çatır? – İstefa vədinin arxasında nə dayanır?

Paşinyanın siyasi missiyası başa çatır? – İstefa vədinin arxasında nə dayanır?
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya ilə bağlı referendumun nəticəsindən asılı olaraq istefa verə biləcəyini açıqlaması ölkənin siyasi gündəmində yeni müzakirələrə səbəb olub. Onun bu bəyanatı hakimiyyətdən getməyə hazırlıqdır, yoxsa müxalifəti çətin seçim qarşısında qoymaq üçün düşünülmüş siyasi gediş?

"Bakupost" xəbər verir ki, Paşinyan noyabrın 19-da hökumətin iclasında müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirilməsini təklif edib.

Baş nazir bildirib ki, referendumda yeni Konstitusiya rədd edilərsə, istefa verəcək. Sənəd qəbul olunduğu təqdirdə isə növbəti seçkilərdə baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcək.

Bəs Paşinyan həqiqətən hakimiyyətdən getməyə hazırlaşır, yoxsa istefa vədi ilə həm müxalifətə təzyiq göstərir, həm də Azərbaycanla sülh prosesində siyasi mövqeyini gücləndirməyə çalışır?

Siyasi şərhçi Rəşad Bayramov "Bakupost"a bildirib ki, Paşinyanın bəyanatını Ermənistanın daxili siyasi vəziyyəti, konstitusiya referendumu və Azərbaycanla münasibətlərin normallaşdırılması kontekstində qiymətləndirmək lazımdır.

“Bu açıqlama ilk baxışdan gözlənilməz siyasi bəyanat təsiri bağışlayır. Lakin görünən odur ki, Paşinyan sadəcə gələcək istefasından danışmır, eyni zamanda müxalifəti siyasi baxımdan çətin seçim qarşısında qoymağa çalışır”.

Ekspertin sözlərinə görə, Paşinyanın vəzifədən getməsi ehtimalını istisna etmək olmaz. Bununla belə, onun açıqlamasını artıq verilmiş qəti istefa qərarı kimi qəbul etmək də doğru deyil.

“Paşinyanın təklif etdiyi ssenari müəyyən şərtlərə bağlıdır. Əgər referendumda yeni Konstitusiya qəbul edilməzsə, dərhal istefa verəcəyini bildirir. Əks halda isə Azərbaycanla sülh müqaviləsi imzalandıqdan, ratifikasiya olunduqdan və sülh gündəliyinin müəyyən müddəaları həyata keçirildikdən sonra vəzifəsini tərk edə biləcəyini deyir”.

Rəşad Bayramov diqqəti ona yönəldib ki, ikinci ssenaridə hakimiyyətdən getməyin konkret vaxtı siyasi proseslərin gedişindən asılıdır.

“Paşinyan müxalifəti siyasi tələyə salmağa çalışır”

Siyasi şərhçi hesab edir ki, bəyanatın əsas hədəflərindən biri müxalifətin manevr imkanlarını məhdudlaşdırmaqdır.

“Hazırda Paşinyanın rəhbərlik etdiyi hakim partiya parlamentdəki 105 yerdən 64-nə sahibdir. Yeni Konstitusiya layihəsinin referenduma çıxarılması üçün isə ən azı 70 deputatın dəstəyi tələb olunur. Deməli, hakimiyyətə müxalifət deputatlarının da səsi lazımdır.

Paşinyan öz istefasını referendumun nəticəsi ilə əlaqələndirməklə müxalifətə belə mesaj verir: Əgər mənim hakimiyyətdən getməyimi istəyirsinizsə, xalqın referendumda qərar verməsinə imkan yaradın. Əks halda, növbədənkənar parlament seçkiləri gündəmə gələ bilər”.

Ekspertin fikrincə, bu yanaşma müxalifəti mürəkkəb vəziyyətə salır. Referenduma dəstək vermək Paşinyanın siyasi təşəbbüsünə qoşulmaq, qarşı çıxmaq isə hakimiyyət tərəfindən sülh prosesinə mane olmaq kimi təqdim edilə bilər.

“Özünü sülhün təminatçısı kimi təqdim etməyə çalışır”

Rəşad Bayramovun sözlərinə görə, Paşinyanın bəyanatında diqqətçəkən digər məqam onun öz siyasi missiyasını Azərbaycanla sülh prosesinin yekunlaşması ilə əlaqələndirməsidir.

“Onun mesajının mahiyyəti budur ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması və davamlı sülhün institusional əsaslarının yaradılması siyasi missiyasının başa çatması demək olacaq.

Bu yanaşma vasitəsilə Paşinyan özünü hakimiyyətdə qalmaq istəyən siyasətçidən daha çox, ölkəsini uzunmüddətli münaqişə vəziyyətindən çıxarmağa çalışan lider kimi təqdim etməyə çalışır. Eyni zamanda, müxalifəti sülh gündəliyinə mane olan qüvvə kimi göstərmək imkanı əldə edir”.

Siyasi şərhçi hesab edir ki, hazırkı mərhələdə Paşinyanın istefa bəyanatını daha çox taktiki siyasi gediş və müxalifətə təzyiq vasitəsi kimi qiymətləndirmək olar.

Bununla belə, ekspert onun gələcəkdə həqiqətən hakimiyyətdən gedəcəyini də istisna etmir.

“Azərbaycan üçün əsas məsələ Paşinyanın gedib-getməməsi deyil”

Rəşad Bayramov bildirib ki, Ermənistanın daxili siyasi proseslərindən asılı olmayaraq, Azərbaycan üçün əsas məsələ sülh müqaviləsinin imzalanması, ratifikasiyası və əldə olunmuş razılaşmaların icrasıdır.

“Ermənistan rəhbərliyində mümkün hakimiyyət dəyişikliyi özü-özlüyündə sülhün davamlılığına təminat vermir. Əsas təminat qarşılıqlı öhdəliklərin hüquqi və praktiki müstəvidə yerinə yetirilməsidir”.

Ekspertin qənaətinə görə, Paşinyanın istefa vədinin nə dərəcədə ciddi olduğu referendumun keçirilməsi, onun nəticələri və Azərbaycanla sülh prosesinin sonrakı mərhələlərində aydınlaşacaq.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar