Ru
11:15 / 20 Noyabr 2026

Qərb sülh müqaviləsi üçün referendumu gözləmək istəmir – Bakıya hansı təkliflər verilib?

Qərb sülh müqaviləsi üçün referendumu gözləmək istəmir – Bakıya hansı təkliflər verilib?
Eye

Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Bakı və İrəvana səfəri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsini yenidən gündəmə gətirib. Avropa ölkələrinin sülh prosesini sürətləndirmək və müqavilənin imzalanmasını Ermənistanda konstitusiya referendumundan asılı vəziyyətə salmamaq istədiyi bildirilir.

"Bakupost" xəbər verir ki, Almaniya XİN rəhbəri noyabrın 17-də Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Noyabrın 18-də isə İrəvana səfər edib.

Səfər çərçivəsində ikitərəfli münasibətlər, enerji və nəqliyyat əməkdaşlığı, eləcə də Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.

Bəs Berlin sülh müqaviləsinin imzalanması ilə bağlı tərəflərə hansı təklifləri verib? Qərb Ermənistan konstitusiyasına dəyişiklik edilmədən müqavilənin imzalanmasında niyə maraqlıdır?

Siyasi şərhçi Mehman Əliyev "Bakupost"a bildirib ki, Almaniya xarici işlər nazirinin səfəri və açıqlamaları Avropanın sülh müqaviləsinin imzalanmasını referendumun nəticələrindən asılı etmək istəmədiyini göstərir.

“Burada əsas məsələ tərəfləri sülh müqaviləsi tam bağlanmayana qədər qarşılıqlı addımlar atmağa və əməkdaşlığa başlamağa sövq etməkdir. Avropa istəyir ki, əvvəlcə sülh müqaviləsi imzalansın, Ermənistan konstitusiyasına dəyişikliklər isə sonradan da edilə bilər. Qərbə görə, referendum məsələsi birbaşa sülh müqaviləsinə bağlanmamalıdır”.

Ekspertin fikrincə, Qərb ölkələri referendumun keçirilməsinin qeyri-müəyyənlik yaratdığını nəzərə alırlar. Çünki referendumun baş tutub-tutmayacağı, keçirildiyi təqdirdə isə hansı nəticənin əldə olunacağı əvvəlcədən məlum deyil.

“Onlar düşünürlər ki, referendum heç olmaya da bilər, yaxud keçirilsə belə, gözləniləndən fərqli nəticə verə bilər. Ona görə də Qərb referendumu gözləmədən tərəfləri sülh müqaviləsini imzalamağa çağırır”.

Mehman Əliyev Azərbaycanın belə bir yanaşmanı qəbul etməsinin mümkünlüyünə də münasibət bildirib.

Onun sözlərinə görə, rəsmi Bakının mövqeyi qarşı tərəfdən veriləcək təkliflərdən və təminatlardan asılı olacaq.

“Azərbaycanın buna hansı reaksiya verəcəyi Bakıya hansı təkliflərin, imtiyazların və zəmanətlərin verilməsindən asılıdır. Rəsmi Bakı bütün bunları hesablayaraq belə bir addıma gedə bilər”.

Beləliklə, ekspertin qənaətinə görə, Qərb sülh müqaviləsinin imzalanmasını Ermənistanın konstitusiya dəyişikliklərindən ayırmağa çalışır. Lakin Azərbaycanın bu yanaşmaya razılıq verməsi üçün Bakıya təqdim olunacaq təminatlar həlledici rol oynaya bilər.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar