Ru
13:01 / 18 Noyabr 2026

Rusiya Ermənistana qazın qiymətini yanvardan qaldıra bilər – Natiq Cəfərli

Rusiya Ermənistana qazın qiymətini yanvardan qaldıra bilər – Natiq Cəfərli
Eye

Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik davam edir. İrəvanın Avropa İttifaqına yaxınlaşması fonunda Moskvanın iqtisadi təzyiq imkanları yenidən gündəmə gəlib. Bu vasitələr arasında ən təsirlilərindən biri Ermənistana tədarük edilən təbii qazın qiymətidir.

Rusiya artıq bir neçə dəfə Ermənistana verilən qazın güzəştli qiymətinə yenidən baxıla biləcəyi barədə xəbərdarlıq edib.

Aprelin 1-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Avropada təbii qazın min kubmetrinin qiyməti 600 dolları keçdiyi halda, Ermənistan Rusiya qazını 177,5 dollara alır.

Mayın 22-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk da İrəvanın Avropa İttifaqına üzvlük yolunu seçəcəyi təqdirdə gömrük rüsumlarının tətbiq olunacağını və qazın qiymətinin dəyişəcəyini bəyan edib.

Mayın sonunda isə Rusiyanın energetika naziri Sergey Tsivilyovun Ermənistan tərəfinə göndərdiyi məktubda 2013-cü ildə imzalanmış rüsumsuz enerji təchizatı sazişinə yenidən baxıla biləcəyi barədə xəbərdarlıq edilib.

Oktyabrın 20-də açıqlanan hesabatda isə Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakını dayandıracağı halda qazın qiymətinin 69 faiz artaraq min kubmetr üçün 300 dollara çata biləcəyi göstərilib.

Beləliklə, Moskvanın qazla bağlı xəbərdarlıqları artıq konkret iqtisadi hesablamalarla müşayiət olunur.

Bu arada Nikol Paşinyan dekabrın 3, 11 və 22-də Rusiyaya səfər edəcəyini açıqlayıb. Həmin səfərlər zamanı qazın qiyməti məsələsinin də müzakirə olunacağı istisna edilmir.

Bəs Rusiya yanvar ayından Ermənistana satdığı qazın qiymətini qaldıra bilərmi? Bu addım İrəvan üçün hansı nəticələrə səbəb olar?

ReAL Partiyasının sədri Natiq Cəfərli BakuPost-a bildirib ki, təbii qazın qiyməti Moskvanın Ermənistana qarşı istifadə edə biləcəyi ən güclü təzyiq vasitələrindən biridir.

“İrəvanla Moskva arasında danışıqlarda təbii qazın qiyməti Rusiyanın əlində olan ən böyük ‘dəyənəkdir’. Dekabrda Paşinyanın Rusiyaya üç səfəri gözlənilir. Güman ki, həmin səfərlər çərçivəsində keçiriləcək danışıqlarda bu məsələ də müzakirə olunacaq”.

Ekspertin sözlərinə görə, Ermənistanın da Rusiyaya qarşı müəyyən təsir imkanları var. Onlardan biri Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası ilə bağlıdır:

“İrəvan bildirir ki, Rusiya qazın qiymətini qaldırsa, Ermənistan da Gümrüdəki 102-ci hərbi bazanın icarə haqqının artırılması məsələsini gündəmə gətirə bilər. Ona görə də Moskvanın dərhal bu ‘dəyənəkdən’ istifadə edəcəyini düşünmürəm.

Kreml addım-addım irəliləyəcək və qaz məsələsindən son mərhələdə istifadə etməklə Ermənistanda daxili vəziyyəti gərginləşdirməyə çalışacaq. Çünki qazın bahalaşması əhali və biznes üçün əlavə xərclər, nəticədə isə qiymət artımı deməkdir”.

Natiq Cəfərli hesab edir ki, dekabr danışıqlarında Moskva İrəvandan müəyyən güzəştlər əldə etməyə çalışacaq:

“Əgər Rusiya istədiyi güzəştlərə nail olsa, ‘qaz dəyənəyi’ndən istifadəni bir müddət təxirə sala bilər. Lakin güzəştlər Moskvanı qane etməsə, yanvar ayından etibarən Ermənistana verilən qazın qiymətində, az da olsa, artımın şahidi ola bilərik”.

Ekspert məsələnin başqa bir mühüm iqtisadi tərəfinə də diqqət çəkib.

Onun sözlərinə görə, Rusiya qazı Ermənistanda “Qazprom”un törəmə şirkətinə satır. Əhali isə qazı idxal qiymətindən xeyli baha, min kubmetr üçün təxminən 350 dollara alır.

“Yəni Rusiya qazın qiymətini artırarsa, bu, faktiki olaraq, öz şirkətinin qazancına da təsir göstərəcək. Kəskin bahalaşma baş verərsə, Ermənistan hökuməti əhali üçün tarifləri dəyişməmək qərarı da verə bilər”.

Beləliklə, qarşıdakı dekabr danışıqları Rusiya-Ermənistan münasibətlərinin iqtisadi gələcəyi baxımından əhəmiyyətli ola bilər. Moskvanın qaz qiymətləri ilə bağlı hansı addımı atacağı isə tərəflər arasında əldə olunacaq razılaşmalardan asılı olacaq.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar