Son dövrlər Rusiya Ermənistandan Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq, ya da Avropa İttifaqına (Aİ) üzv olmaqla bağlı referendum keçirməyi tələb edir. Özü də Moskva məsələnin tez bir zamanda həll edilməsini istəyir. Bu əsasda da Moskva Ermənistandan Rusiyaya gətirilən çoxsaylı məhsullara məhdudiyyətlər tətbiq edib.
Ermənistan baş naziri Nikol Paşinyan isə bu təzyiq fonunda tələsməməyə üstünlük verir. O bildirib ki, referendum Aİ-yə üzvlük məsələsi gündəmə gələn ərəfədə keçiriləcək.
Görəsən, niyə Rusiya Ermənistanda referendum məsələsini tələsdirir?
Siyasi şərhçi Abutalıb Səmədov
"Bakupost"a bildirib ki, hazırda Ermənistan əhalisinin əksəriyyəti Aİİ-nin ölkələri üçün daha çox faydalı olduğu qənaətindədir:
“Ona görə də Putin Paşinyanı tələsdirir ki, onu Avrasiya İqtisadi İttifaqına üzvlükdə qalma məsələsində referendum keçirməyə məcbur edə bilsin. Səbəb aydındır. Həm Avropa İttifaqına tərəfdar olanlar, həm də Rusiya və keçmiş sovet ittifaqının digər ölkələrilə əlaqələrin sıxlaşdırılmasını istəyən qüvvələr Aİİ-nin Ermənistan üçün çox faydalı olduğunu anlayır və bunu bəyan edirlər. Paşinyan özü də dəfələrlə bu barədə bəyanatlar verib. O da bəllidir ki, Aİİ-dən ən çox xeyir götürən dövlət də elə Ermənistandır”.
Ekspertin sözlərinə görə, Aİİ ilə indiki halda əlaqələri kəsmək İrəvana ciddi problemlər yarada bilər:
“Bunu Putin də anladığından İrəvanın Qərbə inteqrasiyasına son vermək üçün mövcud situasiyadan yararlanmaq istəyir. Nəzərə alaq ki, Rusaiyanın erməni məhsullarına qoyduğu qadağalar Ermənistan üçün ciddi problemlər yaradıb. Belədə Ermənistan əhalisinin bir hissəsi artıq belə bir düşüncəyə gəlib ki, Rusiya və Aİİ ilə əməkdaşlıq mütləq davam etdirilməlidir.
Putin belə bir referendumun keçirilməsilə erməni əhalisinin əksəriyyətinin Aİİ-də qalmağa səs verəcəyini düşünürsə, deməli Ermənistanın Aİ-yə yolu bağlanacaq. Paşinyan da dərk edir ki, erməni xalqı tam yetişmədiyindən indiki halda referendum keçirmək arzuolunmaz nəticələrə gətirib çıxra bilər. Bu səbəbdən məsələ ətrafında tələsməməyi üstün tutur. Paşinyan həmçinin, referendum barədə danışanda Aİİ deyil, ancaq Aİ-yə üzvlüklə bağlı referendum keçirəcəklərini deyir”.
Müsahibimiz hesab edir ki, Moskva İrəvan qarşıdurması davam edəcək:
“Görünür, bundan sonra Moskva tərəfindən digər məhsullara da qadağa gələcək. İrəvanın bu təzyiqlər qarşısında tab gətirib-gətirməyəcəyini isə yaxın aylarda görəcəyik”.
Rüfət Sultan,
BakuPost