Ru
14:51 / 03 Aprel 2026

Rusiya niyə birdən birə Zəngəzur dəhlizinə qarşı çıxmağa başladı?

Rusiya niyə birdən birə Zəngəzur dəhlizinə qarşı çıxmağa başladı?
Eye

Rusiya Prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla Moskvada görüşü və aralarında olan polemikanın ardınca, şimal ölkəsi rəsmiləri Nazirlər Kabineti sədrinin müavini Aleksey Overçukun timsalında Zəngəzur dəhlizində ABŞ-nin iştirakına qarşı kəskin fikirlər səsləndirməyə başlayıblar.
Bakupost.az xəbər verir ki, Overçuk “Tramp marşurutu”nun həm Rusiya, həm də İranın maraqlarına təhlükə yaratdığını bəyan edib. Halbuki buna qədər Moskva sözügedən marşuruta münasibətdə bir qədər yumşaq mövqe sərgiləyərək, hətta özlərinin də orada iştirakda maraqlı olduqlarını ortaya qoymuşdular. Amma nədənsə indi birdən-birə məsələyə münasibətdə kəskin mövqe sərgiləməyə başladılar.

Mövzu ilə bağlı politoloq Azər Qasımov Bakupost.az-a bildirib ki, Rusiya bu günə qədər Ukrayna məsələsində Trampı qıcıqlandırmamaq üçün TRİPP marşurutuna kəskin reaklsiya verməyib:

“Rusiyanın Zəngəzur dəhlizi məsələsində mövqeyi bəllidir. Onlar bu məsələnin ancaq 2020-ci il 9 noyabr müqaviləsinin 9-cu bəndinə istinad etməklə həllində maraqlıdırlar. Bu bənd isə Rusiya FTX-nin nəzarətində yolun açılmasını özündə ehtiva edir”.

Həmsöhbətimiz hesab edir ki, Ermənistanda yayda baş tutacaq seçkilərin nəticələri regional anlamda, eyni zamanda, TRİPP marşrutu baxımından bir çox reallıqları dəyişəcək:

“Paşinyanın son Moskva səfərində Putinin sərgilədiyi mövqe göstərdi ki, Moskva çox narahatdır”.

Politoloqun sözlərinə görə, indiki məqamda Moskvanın Ermənistana təzyiq edə biləcəyi əsas məsələ Zəngəzur dəhlizi məsələsidir:
“ABŞ-nin bu dəhlizdən hansısa yükləri daşımaq istəyi təbii ki, olacaq. Bu mənada yola nəzarət məsələsi təbii ki, vacib amildir. Amma bu o demək deyil ki, kimlərsə bu yolu Azərbaycanın istəyinin əleyhinə istədiyi kimi işlədəcək”.

Ekspertin fikrincə, Overçukun timsalında Rusiyanın bu məsələ ilə bağlı qısqanclığı sadəcə öz eqolarını təmin etməyə hesablanıb:
“Rusiya indinin özündə də istədiyi yükləri maneəsiz Ermənistana daşıya bilir. Sonrakı mərhələdə də Zəngəzur dəhlizindən istədiyi yükləri mümkün yerlərə daşıya biləcək. Təbii ki, Qərblə münasibətləri düzələcəksə”.

A.Qasımov hesab edir ki, hələlik Rusiyanın TRİPP marşrutuna qarşı ciddi addım atmaq imkanları məhduddur.

Ona görə Overçuk tərəfindən səslənən bu mövqe də sadəcə seçki öncəsi Paşinyana təzyiq xarakteri daşıyır:

“Moskva ən həssas nöqtədən, Zəngəzur dəhlizi məsələsindən Paşinyana təzyiq etməyə çalışır”.

Müsahibimiz onu da qeyd etdi ki, “Tramp marşurutu” ilə həm də İrandan Ermənistana qeyri-qanuni daşımalara, qaçaqmalçılığa nəzarət həyata keçiriləcək:

“ABŞ-nin İrana bu dəhlizdən nəzarət məsələsi ciddi fikir deyildir. Tək məsələ İrandan Ermənistana qeyri-qanuni daşımalara və qaçaqmalçılığa nəzarət olacaq. İranı narahat edən əsas məsələ də budur”.

Sonda politoloq bildirdi ki, marşurutla bağlı bütün məsələlərə İran-ABŞ müharibəsinin nəticəsi aydınlıq gətirəcək.

Qeyd edək ki, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk Ermənistandan keçən “Tramp marşurut”unun Moskva ilə Tehranın maraqlarına zədd olduğunu bildirib.

Onun fikrincə, ABŞ üçün bu dəhliz Mərkəzi Asiyadan kritik əhəmiyyətli mineralları daşımaq və İran üzərində nəzarəti təmin etmək üçün vacibdir.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar