Ru
18:20 / 12 Avqust 2025

Rusiya və İran Azərbaycana qarşı hansı təxribatlara əl ata bilər?

Rusiya və İran Azərbaycana qarşı hansı təxribatlara əl ata bilər?
Eye

“Rusiya rəsmi səviyyədə hələ ki, təmkinini qoruyur. Bununla belə, Vaşinqton razılaşmalarının ardından Rusiya mediasında, o cümlədən dövlətin ciddi nəzarət etdiyi media subyektlərində, həmçinin teleqram kanallarda Azərbaycana qarşı təhdid və şantaj dolu məlumatların, verilişlərin daha geniş tirajlandığını görürük. Açıq şəkildə Azərbaycana qarşı hərbi əməliyyatlar həyata keçirilməsi barədə çağırışlar edilir.”

Bu fikirləri Bakupost.az -a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli Rusiyanın Vaşinqton görüşünün nəticələrinə reaksiyası barədə danışarkən bildirib.

Onun sözlərinə görə, bütün bu proseslərin fonunda Rusiya rəsmi dairələri prezident Trampın iştirakı ilə əldə olunmuş Azərbaycan-Ermənistan razılaşmaları haqqında hələ ki, sərt ifadələr işlətməkdən çəkinirlər. O, həmçinin qeyd edib ki, bunu yaxın günlərdə baş tutacaq ABŞ-Rusiya danışıqları ilə də əlaqələndirmək olar.


“Rusiya rəsmilərinin, prezident Trampın şəxsən iştirak etdiyi və imzası ilə təsdiqlədiyi Azərbaycan-Ermənistan razılaşmalarını hədəfə almaqdan çəkinməsi də bunu təsdiqləyir”, - deyə əlavə edib.

Siyasi ekspertin fikrincə, bununla belə, təbliğat müstəvisində Azərbaycana qarşı qeyri-dost hərəkətlərin daha da güclənəcəyi gözlənilir:

“Böyük ehtimalla, bu məsələdə artıq Rusiya Dövlət Dumasının deputatları da fəallıq nümayiş etdirə bilərlər. Hətta Azərbaycanı təxribatlara çəkmək üçün daha sərt ifadələr işlədə bilərlər. Təcrübədə artıq bunu görmüşük. Eyni zamanda yaxın perspektivdə Azərbaycana idxal olunan malların və xidmətlərin məhdudlaşdırılmasına da cəhdlər ola bilər. Lakin bunlar artıq gördüyümüz təcrübədir. Azərbaycanın bu cür addımlara qarşı kifayət qədər effektiv və adekvat addımlar atmaq təcrübəsi var. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın həm iqtisadi potensialı, həm müttəfiqlər alyansı, getdikcə artan beynəlxalq nüfuzu və bu prosesə prezident Trampın şəxsən fəal cəlb olunması, aktiv dəstək verməsi etibarlı zəmanətlər sistemi yaradır”.

Z.İbrahimli qeyd edib ki, Azərbaycana qarşı qeyri-dost addımlar Rusiyanın özü üçün də risklər yaradır:

“Azərbaycanın da Rusiyanın maraqlarına toxuna biləcək çox ciddi addımlar atmaq potensialı var. Bununla belə, ölkəmiz daha çox diplomatik vasitələrə üstünlük verir və təmkinini qoruyur. Lakin Azərbaycana qarşı təxribatlar genişlənsə və intensiv xarakter alsa, rəsmi Bakının arsenalında kontur addımlar üçün kifayət qədər ciddi imkanlar var. Hesab edirəm ki, Rusiya bu məsələlərdə "qırmızı xətlər"i keçərsə, Azərbaycan tərəfi də adekvat addımlar ata bilər. Azərbaycanın bu potensialı var və ruslar təcrübədə artıq bunun şahidi olublar”.

Zaur İbrahimli bildirib ki, Rusiyadan gələn təzyiqlər fonunda İran tərəfindən də müəyyən proseslər müşahidə olunur:

“İran tərəfdən yenidən ənənəvi bəyanatların səsləndiyini görürük. Həmçinin İran prezidentinin açıqlamaları göstərdi ki, rəsmi Tehranda fərqli baxışlar var. Daha çox mühafizəkar dairələrin nümayəndələri Azərbaycanın, Zəngəzur dəhlizinin açılması təşəbbüslərinin əleyhinə açıqlamalar səsləndirirlər. Bu, yeni açıqlamalar deyil. Artıq biz bunları dəfələrlə görmüşük. Bu açıqlamaların ard-arda səslənməsinə baxmayaraq, Zəngəzur dəhlizinin açılması ilə bağlı təşəbbüslər praktik mərhələyə keçmək üzrədir. Azərbaycan İrandan gələn təzyiq və təhdidləri neytrallaşdırmaq təcrübəsi də var. Həmçinin ABŞ-nin də bu prosesə cəlb olunması, hazırda pərdəarxası İranın da ABŞ-la danışıqlar aparması rəsmi Bakı üçün müvafiq zəmanətlər sistemi yaradıb”.

Z.İbrahimliyə görə, İranın indiki mərhələdə, bilavasitə prezident Trampın iştirakı ilə razılaşdırılmış məsələnin əleyhinə praktik addımlar atması rasional olmazdı:

“Bu, praqmatik siyasətdən uzaq addımdır. Həmçinin hesab etmirəm ki, İranın indiki siyasi rəhbərliyi (söhbət mühafizəkar dairələrin nümayəndələrindən gedir)bu cür addımlar ata bilsin. Yox, əgər bu hədələr konkret praktik müstəviyə keçərsə, yaxın keçmişimizdə Azərbaycan sübut edib ki, bu cür hədələrə həm diplomatik, həm siyasi, həm də digər vasitələrlə cavab vermək potensialı var. Azərbaycanın kifayət qədər ciddi müttəfiqlər alyansı var. Onların dəstəyi ilə də bu cür təzyiqlərin qarşısını almaq potensialı mövcuddur”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar