İsfahandakı konsulluq binasının vurulmasına görə Rusiyanın İrana birbaşa açıq dəstək verəcəyi və ABŞ-la İsrailə qarşı daha radikal addımlar atacağını düşünmürəm.
Bunu
Bakupost.az-a açıqlamasında politoloq Taleh Əliyev İranda baş verən müharibə fonunda Rusiyanın İsfahandakı konsulluq binasının vurulması və bir neçə konsulluq əməkdaşının yaralanmasına cavab olaraq Moskvanın hansı addımlar ata biləcəyini şərh edərkən deyib.
Politoloq bildirib ki, Rusiyanın İrandakı vətəndaşlarının yaralanması müəyyən mənada gözlənilən idi:
“Yaralanan şəxslərin bir qismi İranın hərbi və strateji məntəqələrində fəaliyyət göstərən mütəxəssislərdir. Ona görə də raket və dron zərbələri rusiyalı mütəxəssislərin yaralanmasına, hətta əgər onlar İran ərazisini tərk etməsələr, həlak olmalarına belə səbəb ola bilər. Rusiya dünən Buşehr Atom Elektrik Stansiyasında çalışan 150 nəfərlik mütəxəssisini təxliyə edib. Lakin bu ölkənin təxminən 450 nəfərlik mütəxəssisi hələ də İranda fəaliyyətini davam etdirir”.
Rusiyanın İsfahandakı konsulluğunun vurulması və əməkdaşların yaralanmasına gəlincə, ekspert qeyd edib ki, İsfahan İranın mühüm hərbi obyektlərinin və nüvə infrastrukturlarının yerləşdiyi şəhərlərdən biridir:
“Raket və dron zərbələri böyük ehtimalla birbaşa konsulluğu hədəfə almaq məqsədi daşımayıb. Ola bilsin ki, yaxınlıqda strateji obyektlər olub. Yəni hədəf Rusiyanın İrandakı diplomatik nümayəndəlikləri deyil. Bu hadisə daha çox İrandakı nüvə obyektlərinə yönəlmiş hücumların nəticəsi kimi qiymətləndirilə bilər. Belə bir şəraitdə Rusiya hələlik məsələ ilə bağlı yalnız bəyanat verməklə kifayətlənə bilər”.
Politoloqun sözlərinə görə, bu cür hadisələr təkrarlanarsa, Kremlin daha sərt reaksiyası mümkündür:
“Lakin bütün hallarda bu hadisə Rusiyanı diplomatik nümayəndəliyin vurulmasına görə İran müharibəsinin birbaşa iştirakçısına çevirməyəcək”.
Bununla belə, həmsöhbətimiz hesab edir ki, münaqişə daha geniş miqyas alaraq qlobal qarşıdurmaya çevrilərsə, nəzəri olaraq Rusiya və İranın digər müttəfiqi Çin də müharibəyə cəlb oluna bilər.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, bu ölkənin İsfahandakı konsulluğunun bir neçə əməkdaşı partlayış nəticəsində yaralanıb. Onun bildirdiyinə görə, martın 8-də konsulluq binası yaxınlığında baş verən partlayış dalğası bir neçə nəfərin xəsarət almasına səbəb olub.
Rüfət Sultan, Bakupost