“Rusiya bütün Donbası ələ keçirmədən danışıqlara getsə, bunu xalq başa düşməz” iddiaları doğru deyil”.
Teleqraf xəbər verir ki, bunu ukraynalı sosioloq, Rusiya Münaqişə və Təhlil İnstitutunun rəhbəri Oleksandr Şulqa bildirib.
Onun sözlərinə görə, həmkarları müharibə dövründə ildə bir neçə dəfə Rusiya sakinləri ilə telefon sorğuları keçiriblər. Respondentlər söhbətin ukraynalılar tərəfindən aparıldığını bilməyiblər. Bu danışıqların təhlili müəyyən nəticələr ortaya qoyub.
Sosioloq qeyd edib ki, rusiyalılar Ukrayna ilə müharibənin işğal xarakterli olduğunu anlayırlar, amma onu qazanc əldə etməyin bir forması kimi görürlər:
“Rusiyada bizi öldürməyə və özləri ölməyə könüllü gedəcək milyonlarla fanatik yoxdur. Bu, bizim üçün yaxşı xəbərdir. Amma pis xəbər odur ki, onlarda heç bir mənəvi maneə yoxdur, müharibənin qəddarlığı və ədalətsizliyi barədə düşünmürlər”.
Şulqanın fikrincə, rus cəmiyyəti baş verənlərdən heç bir dərs çıxarmayacaq, hətta Vladimir Putinin hakimiyyətdən getməsi də bunu dəyişdirməyəcək.
Oleksandr Şulqa iddia edib ki, 2023-cü ilin ortalarından etibarən ruslar müharibəni gündəlik həyatın bir hissəsinə çeviriblər: “Bu, pis əlamətdir. Ruslar yeni şəraitə uyğunlaşmağı, problemi görməməzliyə vurmağı və onunla yaşamağı öyrəniblər”.
Onun fikrincə, bu vəziyyət uzunmüddətli perspektivdə Kremlə inam verir ki, oxşar təcavüzləri təkcə Ukraynaya qarşı deyil, başqa ölkələrə qarşı da təkrarlaya bilər.
Şulqa əlavə edib ki, son illərdə Rusiya cəmiyyətində seqmentləşmə daha aydın hiss olunur: “Gənclər müharibədə iştirak etmək istəmirlər – nə pulsuz, nə də pul müqabilində”.
Sosioloqun bir başqa iddiasına görə, rusiyalıların əksəriyyəti müharibənin indiki xətdə və dərhal başa çatmasına hazırdır:
“Belə bir fikir var ki, guya ruslar Putinin bütün Donbas və ya Zaporojyeni tutmadan danışıqlara getməsini qəbul etməzlər, doğru deyil. Ruslar onsuz da başa düşmürlər ki, onlara Donbas nəyə lazımdır”.
Sorğular zamanı respondentlərə “Əgər Putin sabah xüsusi hərbi əməliyyatın başa çatdığını elan etsə, siz bu qərarı dəstəkləyərdinizmi” sualı verilib, əksəriyyət “bəli” deyib.
Bundan əlavə, “Sizcə, Rusiya öz məqsədlərinə çatıb” sualına cavab olaraq respondentlərin yarıdan çoxu “qismən çatıb”, yalnız 5 faizi “tam çatıb” söyləyib.
“Amma buna baxmayaraq, onların əksəriyyəti müharibənin elə bu gün bitməsini istəyir. Ruslar müharibənin bitməsini arzulayırlar və Kremlin “qələbə” kimi təqdim etdiyi istənilən versiyanı qəbul etməyə hazırdırlar”, - Şulqa vurğulayıb.