Ru
14:14 / 27 Aprel 2026

Sabir Rüstəmxanlının 80 illik yubiley tədbirlərinə Ankaradan start verildi - FOTO

Sabir Rüstəmxanlının 80 illik yubiley tədbirlərinə Ankaradan start verildi - FOTO
Eye

Xalq şairi Sabir Rüstəmxanlının 80 illiyi münasibətilə yubiley tədbirlərinə Ankaradan start verilib. İlk tədbir Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfinin rəhbəri, professor, sabiq rektor Aygün Attarın təşkilatçılığı ilə baş tutub.

Türkiyənin paytaxtında keçirilən mərasimə hər iki ölkənin ictimai-siyasi xadimləri, elm adamları, diaspor nümayəndələri - Ankara üzrə AK Parti millət vəkili Zeynəb Yıldız, Gelecek Partiyasının sədr müavini Hasan Hüseyn Bozok, Mehmet Atilla Taş, Böyük Birlik Partiyasının sədr müavini professor Emin Serin, Türkiyə Daxili İşlər Nazirliyinin müşaviri Hatice Atan, Şimali Kipr Türk Cümhuriyyətinin konsulu Enver Gülseven, professor Nejat Bora Sayan, Mehmet Tütüncü, Aygün İlko, Elnur Hüseynov, Ziya Sözən, Oya Eren Özkan, Alparslan Özkan, Kemal Kurnaz, professor Çetin Elmas, Babək Novruzov, professor Salih Sultansoy və digər tanınmış şəxslər qatılıblar.



Bununla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış türkçü və milliyyətçi ictimai xadimlərin video təbrikləri nümayiş olunub. Bu da tədbirə beynəlxalq rəng qatıb.



Tədbirdə çıxış edənlər sırasında professor Aygün Attar, Aygün İlko, millət vəkili Zeynəb Yıldız, Ziya Sözən, Türkiyə Daxili İşlər Nazirliyinin müşaviri Hatice Atan, Mehmet Tütüncü Sabir Rüstəmxanlının yaradıcılığının yalnız ədəbi hadisə olmadığını, onun eyni zamanda milli düşüncənin formalaşmasına, azadlıq ideyalarının yayılmasına və türk dünyasının mənəvi birliyinə böyük töhfələr verdiyini vurğulayıblar. Bildiriliblər ki, o, uzun illər həm qələmi, həm ictimai fəaliyyəti, həm də siyasi mövqeyi ilə türk xalqlarının yaxınlaşmasına xidmət edib.



Çıxışlarda Sabir Rüstəmxanlının Azərbaycanın milli azadlıq hərəkatının ön sıralarında yer aldığı, xalqın istiqlal iradəsinin formalaşması prosesində fəal rol oynadığı xüsusi qeyd olunub. Natiqlər onun Azərbaycan dövlət müstəqilliyinin bərpasını rəsmiləşdirən tarixi Müstəqillik Aktına imza atan şəxslərdən biri olduğunu xatırladıblar.



Bildirilib ki, Sabir Rüstəmxanlının çətin və taleyüklü dövrlərdə hər zaman xalqın yanında olub, milli maraqları müdafiə edib, cəmiyyətin sözünü açıq şəkildə ifadə edən simalardan biri kimi seçilib. Onun nazir olduğu dönəmlərdə də, sonrakı ictimai-siyasi fəaliyyətində də milli mənafeləri əsas götürdüyü vurğulanıb.

Natiqlər həmçinin onun türk birliyi ideyasını daim gündəmdə saxladığını, ortaq türk dili və ortaq mədəniyyət məkanının genişlənməsi üçün ardıcıl mübarizə apardığını bildiriblər. Sabir Rüstəmxanlının türk dünyasının müxtəlif bölgələrinə səfərlər edərək əlaqələrin güclənməsinə, ortaq dəyərlərin təbliğinə və yeni nəsildə milli şüurun formalaşmasına xüsusi əmək sərf etdiyi qeyd olunub.



Bir sıra çıxışçılar Sabir Rüstəmxanlı ilə bağlı şəxsi xatirələrini də bölüşərək prinsipiallığını, türk dünyasına bağlılığını və gənclərə daim dəstək verməsini xüsusi vurğulayıblar.

Professor Aygün Attar çıxışında bildirib ki, Ankarada türk dünyasının müxtəlif bölgələrindən, etnik baxımdan bu qədər zəngin təmsilçiliyin olduğu belə bir tədbir indiyədək keçirilməyib. O, həmçinin Sabir Rüstəmxanlının yubileyi münasibətilə Ankaradakı “8 Kasım Qarabağ Şəhidləri Xatirə Ormanı”nda onun adına 80 ağac əkildiyini də açıqlayıb. Onun sözlərinə görə, bu, Xalq şairinə və türk dünyasına verilən dəyərin ifadəsidir.

Azərbaycan millət vəkili Tənzilə Rüstəmxanlı çıxışında Sabir Rüstəmxanlının həyat və mübarizə yolundan danışaraq tədbirə duyğusal ovqat qatıb. O, Sabir Rüstəmxanlının ailəsi, milləti və bütöv türk dünyası üçün böyük dəyər olduğunu bildirib.



Tədbirin sonunda Sabir Rüstəmxanlı çıxış edərək bildirib ki, Türkiyəyə ilk dəfə 1987-ci ildə gəlib və həmin dövrdə verdiyi müsahibələrdə Türkiyənin üzünü yalnız Qərbə deyil, Şərqə də çevirməsinin vacibliyini söyləyib.

Xalq şairi qeyd edib ki, vaxtilə türk birliyindən danışanda bunu xəyal hesab edənlər çox idi. Lakin bu gün türk dövlətləri arasında birliyin artıq rəsmi platformaya çevrildiyini, Türk Dövlətləri Təşkilatı və Türk Parlament Assambleyasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Sabir Rüstəmxanlı vurğulayıb ki, türklərin gələcəyi birlikdədir və bu böyük coğrafiyada söz sahibi olmaq üçün türk dövlətləri bir ailə kimi davranmalıdır.



Çıxışında Amerika Birləşmiş Ştatlarından Avstraliyaya qədər səfər etdiyi ölkələrdə türk birliyi naminə gördüyü işlərdən də bəhs edən Xalq şairi sonda iki şeirini səsləndirib.

Tədbirin sonunda musiqi proqramı təqdim olunub. Bildirilib ki, Sabir Rüstəmxanlının 80 illiyi münasibətilə Güney Azərbaycandan olan xanımlardan ibarət xüsusi musiqi qrupu yaradılıb və qrup bir neçə Azərbaycan mahnısını ifa edib.


Qeyd edək ki, Sabir Rüstəmxanlının 80 yaşı bu il mayın 20-də tamam olur. Bu münasibətlə həm Azərbaycanda, həm də digər ölkələrdə yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar