Aprelin 23-də Bakıda məktəbdə şagirdin özünə xəsarət yetirməsi ilə bağlı hadisə baş verib.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə paytaxtdakı 145 nömrəli tam orta məktəbdə, səhər saatlarında, birinci növbənin dərs vaxtında qeydə alınıb. Belə ki, VII sinifdə təhsil alan qız şagird özünə xəsarət yetirib.
Hadisə şahidlərinin sözlərinə görə, məktəbli əvvəlcə evdə müəyyən dərman preparatları qəbul edib. Daha sonra isə məktəbin sanitar qovşağında pərgar vasitəsilə qolunun damarını kəsib. İddialara əsasən, onun boğaz nahiyəsində də yüngül xəsarət qeydə alınıb.
Baş verən hadisə digər şagirdlər arasında təşvişə səbəb olub. Onlar dərhal müəllimlərə və məktəb rəhbərliyinə məlumat veriblər.
Adlarının açıqlanmasını istəməyən sinif yoldaşlarının bildirdiyinə görə, hadisədən bir gün əvvəl şagird sosial şəbəkədə paylaşım edərək, "Valideynlərim arzulayır ki, mən universitetə daxil olum, mən isə ölümü seçirəm" sözlərini yazıb.
Qeyd edək ki, hadisənin səbəbləri ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bəzi şəxslər bunu ailədaxili təzyiqlə əlaqələndirir, digərləri isə başqa səbəblərin ola biləcəyini bildirirlər. Şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım briqadasına və valideynlərinə məlumat verilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.