İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam İnqilabı Keşikçiləri Korpusunun müdaxiləsindən sonra istefa verib.
Bakupost.az xəbər verir ki, o Amerika ilə danışıqlar qrupunu da tərk edib.
Proses bir daha göstərir ki, İran daxilində münaqişənin dayandırılması, ABŞ ilə aparılan danışıqlar məsələsinə münasibətdə kəskin ziddiyyətlər var. Hansı ki, bu ziddiyyətlər ölkəni yaxın dövrdə daha ağır duruma sala bilər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
Bakupost.az-a bildirib ki, İran daxilində cərəyan edən bu proseslər hakimiyyət boşluğundan qaynaqlanır:
“Müharibə dönəmində ABŞ və İsrailin zərbələri nəticəsində İranın ali dini lideri, Ali Təhlükəsizlik Şurasının sədri, mühüm generalları öldürüldü. Nəticədə hakimiyyət boşluğu yarandı. Həmin boşluqdan isə digər SEPAH generalları sui-istifadə edərək, faktiki olaraq hakimiyyəti ələ alıblar”.
Politoloqun sözlərinə görə, SEPAH generalları Ali dini lider Müctəba Xameneini də saymırlar:
“Əli Xameneinin oğlu Ali dini lider seçilib. Amma onun sağ, xəstə olduğu və yaxud da vəzifə başında olub-olmadığı bəlli deyil. Vəzifə başında olsa da Müctəba Xameneinin atası qədər nüfuz və təcrübəsi də yoxdur. Bu da SEPAH generallarının işinə yarıyır. Yaranmış vəziyyətdə görünən odur ki, SEPAH generalları ölkə Prezidenti, parlament sədrini də eşitmirlər. Onun nəticəsidir ki, xarici işlər naziri Abbas Arakçi Amerikia ilə görüşə hazır olduqlarını bəyan edəndən az sonra Tehran bu yöndə fərqli qərar verilir”.
Ekspertin fikrincə, bu fikir ixtilafı İranı xaosa sürükləyəcək:
“Hiss olunur ki, İran hakimiyyəti daxilində ciddi fikir ixtilafı var. Bu fikir ixtilafı hətta SEPAH generalları arasında da mövcuddur. Qalibaf özü əvvələr SEPAH sıralarında olub. O, Tehranın polis rəisi vəzifəsində işləyib. İndi isə siyasi fiqur olaraq parlament sədridir. SEPAH onu da eşitmir. Bu vəziyyətin özü İranı xaosa aparır. Müharibənin nəticələrini, aradan qaldırmaq, bərbad iqtisadiyyatı dirçəltmək lazımdır. 92 milyon insanı təmin etmək lazımdır. SEPAH generallarının bu problemlərin öhdəsindən gəlməsi çətin məsələdir. Belədə isə İranı gələcəkdə daha böyük təlatümlər gözləyir”.
Rüfət Sultan, BakuPost