Ru
16:37 / 13 Oktyabr 2021

Şagirdlərin başına uçan 55 ilin məktəbi: bina niyə təmir olunmur? - FOTOLAR - VİDEO

13338
Şəki şəhər 19 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi təhsil müəssisəsinin istifadəyə yararsız halda olmasından şikayətçidirlər.

Bununla bağlı Bakupost.az -a müraciət edən müəllim heyətinin sözlərinə görə, 55 illik tarixə sahib təhsil müəssisəsi o qədər dağıntıya məruz qalıb ki, artıq qorxu içində olan valideynlər övladlarını buradan çıxarıb qonşu məktəblərə qoyurlar:

"Həmin məktəb şəhərin ən iri binasıdır və demək olar ki, seçmə müəllimlər burda dərs deyir. Hər il şagirdlərimiz yüksək nəticələr əldə edirlər. Bu il 11 nəfər məzunumuzdan 10-u ali məktəblərə qəbul olub. Lakin artıq məktəbimizin binası baxımsızlıqdan elə hala gəlib düşüb ki, bu gedişlə burada şagird tapılamayacaq. Çünki yağış yağanda siniflərin içi göl olur. Neçə gündür, ard-arda Şəkiyə yağış yağıb. Sinif otaqlarının içi elə bil dənizdi. Növbəti yağışa qədər bu şəraitdə burda uşaq qalan deyil. Bu problemlə də direktor daxil olmaqla, heç bir qurum maraqlanmır. Direktorumuzun 70 yaşı var, 1983-cü ildən vəzifədədir. Gələn il də çıxıb gedir təqaüdə. Ona görə də məktəbdəki şərait ona qəti maraqlı deyil. Ortalıqda qalan müəllimlər və şagirdlərdi".


Müəllimlər qeyd edib ki, məktəbdəki şəraitlə bağlı Şəki Şəhər Təhsil Şöbəsinə, Təhsil Nazirliyinə dəfələrlə müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər:

"Təhsil Şöbəsi cavab olaraq deyir ki, bizlik deyil. Nazirliyə də heç bilmirik məktublarımız çatır, yoxsa yox. Çünki heç bir cavab gəlmir. Ona görə də qərara aldıq ki, problemi ictimailəşdirək. Bu yaxınlarda Təhsil Nazirliyi Bakıda yerləşən bir məktəbi qəzalı vəziyyətdə olduğu üçün təmirə bağladı. Məktəbin fotolarından da görünürdü ki, adi bir taxtanın sallanmağına görə bina qəzalı adlandırıldı və təmirə bağlandı. Bəs bizim məktəbin də şəkilləri, videoları sosial şəbəkələrdə artıq neçənci dəfədir yayılır, bunu görmürlərmi? Necə olur ki, şəhərin mərkəzində bu cür təhlükəli məktəbi görmürlər, amma bir taxta sallanan məktəbi təmirə bağlayırlar? Məktəbimizin halı göz qabağındadır, şəkillər, videolar faktdır. Hər kəs bu reallığı görür. Biz bu cür sinif otaqlarında dərs keçirik, orda cəmiyyətə şəxsiyyət yetişdiririk. İstəyimiz odur ki, məktəbimiz əsaslı təmir olunsun".


Məsələ ilə bağlı məktəbin direktoru Yulduz Hüseynova ilə əlaqə saxladıq. Rəhbərlik bildirib ki, binanın qəzalı vəziyyətdə olmasına görə Prezidentə, Mehriban xanım Əliyevaya, aidiyyəti qurumlara müarciət olunub:

"Bu məktəb 1966-cı ildə istifadəyə verilib. Neçə illərdir, mən bu şəraitlə bağlı müraciət edirəm ki, məktəb təmir olunsun. Demişdilər ki, guya 2010-cu ilə qədər təmirsiz məktəb qalmayacaq, hamısı bərpa olunacaq. Artıq 2021-ci ildir və məktəb hələ də təmir olunmayıb. Məktəbdən bu vəziyyətdə də istifadə edirik. Bina özü çox möhkəmdir, sökülməyə ehtiyac yoxdur, sadəcə təmir olunmalıdır. Yağış, qar yağanda vəziyyət daha da çətinləşir, məktəbin içi su olur. İstiliklə bağlı vəziyyət də ürəkaçan deyil. Kombi sistemi ilə təchiz olunsa da, məktəbə daxil olan xətlər işləmir. Çünki artıq 10 ildən çoxdur ki, o xətlər çəkilib. Dəfələrlə axıntı olur, usta çağırırıq düzəldir. Valideynlər də bu barədə aidiyyəti qurumlara müraciət ediblər. İcra aparatına da müraciət etmişəm. Nazirliyə də poçtla məktublar göndəririk.



Yeni nazirə sırf özüm müraciət etməmişəm, amma Maliyyə Hesablaşma İdarəmiz var, bilirəm ki, onlar bununla bağlı yazıb göndəriblər. Bir həftə bundan əvvəl möhkəm yağış yağdı. Binadakı vəziyyəti çəkib həmin idarəyə göndərdim, Araz müəllim də dedi ki, nazirliyə çatdıracam. Yəni məktəbdəki vəziyyəti hamı bilir. 55 ildə bu məktəb bir dəfə də olsun təmir olunmayıb. Adi bir külək əsəndə mismarlar şüşələri saxlamır, qırılır. Ona görə də valideynlər məktəbə uşaqlarını qoymurlar. Elə olub ki, tavan uçub düşüb uşağın başına, başı qanayıb. Belə hadisələrə görə valideyn uşaq saxlamaz axı burda. Lakin məktəb təmir olunsa burda minə yaxın şagird təhsil alar. Hazırda məktəbdə 180 şagird qalıb. Bu da baxımsız şəraitlə bağlıdı. Vaxtilə burda şagird axını var idi. Nailiyyətlərimiz də həmişə öndə gedən olub, ilk beşlikdə qərarlaşıb hər zaman".



Məlum şikayətlə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, problemə baxılması üçün müvafiq məlumatlar aidiyyəti şəxslərə göndərilib:

"Bu məsələni araşdırmaq, təhlil aparmaq üçün aidiyyəti şəxslərə yönləndirdim. Onlar qərar verəcək ki, binada hansı imkan var, əsaslı təmir ya yenidən tikilmə. Təhlillər aparıldıqdan sonra bu barədə qərar veriləcək".




Ləman Hüseynzadə
Baku Post
Şərhlər
  • Revane Ehmedzade

    Duzdur men usaqlarimi mektebin temirsiz olduguna gore cixardib ayri mektebe apardim

  • Müəllim

    Bu məktəbin yəmir olunma sənədlərini araşdıran olsa dəfələrlə təmr olunduğu üzə çıxar.Bunu İcra hakimiyyəti.Təhsil nazirliyi tərəfindən son 20 ildə təmir üçün ayrılan vəsaitlərlə təsdiqləmək olar. Pullar silinib,nəticə yoxdur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər