Ru
20:57 / 23 İyul 2026

Salyanda itkin düşən çobanın anası dəhşətli təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? - VİDEO

Salyanda itkin düşən çobanın anası dəhşətli təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? -  VİDEO
Eye

Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb.


"Bakupost" xəbər verir ki, "Report" hadisənin rayonun Qırxçıraq kəndi ərazisində qeydə alındığı ilə bağlı məlumat yayıb.


Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.


Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.


Hadisə ilə bağlı Oxu.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs heyvanları özü aparıb. Ümumilikdə itdiyi iddia olunan xırdabuynuzlulardan 54-ü qoyun, 30-u keçi olub. 71 baş heyvan tapılsa da, məlum olub ki, R.Rüstəmov 14 baş heyvanı özü ilə aparıb.


Məlumata görə, bu, R.Rüstəmovun törətdiyi ilk hadisə deyil, o, əvvəllər də eyni hadisəni törədib və sonradan evə qayıdıb.


Salyanda 84 baş qoyunla birgə yoxa çıxan çobanın işlədiyi təsərrüfatın sahibi İlkin Rüstəmov İTV-yə açıqlamasında deyib ki, qoyunlarının 72 faizini geri qaytara bilib:


"Qoyunlarımı satdığı yeri tapdım, getdim 72-ni alıb gəldim. Satdığı şəxs məndən pul istədi, dedim pulu kimə vermisənsə, get ondan al", - deyə, o qeyd edib.


İtkin düşən şəxsin anası Baku TV-yə bildirib ki, oğlu ilə sonuncu dəfə səhər saatlarında görüntülü danışıb:


"Onunla saat 10-a qalmış görüntülü danışdıq. Həmişəki kimi zarafatlaşdıq, güldük. Saat 2-yə qalmış telefonuna zəng çatırdı, interneti də açıq idi, amma cavab vermirdi. Adətən axşam saat 7-8 radələrində heyvanları gətirirdi. Zəng etdim, ancaq cavab vermədi. Sonra heyvanların qarşısına çıxmaq üçün yol kənarı ilə getdim. Sürünün içində bir ulağımız da var. Gördüm ki, ulaqla it tək gəlir, heyvanlar isə yoxdur. Kollektorların kənarında oğlumu çağıraraq axtardım, amma səsimə cavab verən olmadı. Geri qayıdanda həyat yoldaşımla rastlaşdım. Düşündük ki, bəlkə, kanalda və ya göldə çimərkən başına bir iş gəlib. Amma belə olsaydı, heyvanlar ətrafa dağılardı. Atası səhərə qədər onu axtardı. Oğlumla birlikdə 85 baş heyvan, iki it var idi. Heç kim onun harada olduğunu demədi. Axşam isə xəbər gəldi ki, heyvanlar Bakıya aparılıb və orada satışa çıxarılıb. Heyvanları maşınla aparan şəxsi tapıb danışdırdıq, oğlumun şəklini göstərdik. O isə gördüyü şəxsin mənim oğlum olmadığını, başqa bir adam olduğunu dedi. Görənlərdən və məlumatı olanlardan bir valideyn kimi xahiş edirəm, balam barədə bizə xəbər versinlər".


Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyənləşdirilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar