Ru
11:47 / 19 Sentyabr 2026

Şəhid atasına məktub - Gözlərindən işıq düşür yoluma

Şəhid atasına məktub - Gözlərindən işıq düşür yoluma
Eye

Yumma gözlərini, yumma, azaram, mənim balam...

Bu misralar böyük Ramiz Rövşənin oğullara ithaf etdiyi, amma bütün misralarında ATAlara mesaj verdiyi şeirdəndi. Yəqin ki, sən də nə vaxtsa eşitmisən bu şeiri. Eşitmisən, amma bu şeirin də, bütün şeirlərin də SİZin, sən və oğlunun timsalında səhv çıxdığının fərqində olmamısan. Sənin oğlun “gözün yumdu”, amma sən nəyinki bir gün, bir saat, heç bircə an da “azmadın”, “yolundan çıxmadın”. Şair bu şeirində onu da deyir ki, ataların getdiyi bütün yollar öz övladlarının gözü baxır deyə haqdır, doğrudur, düzgündür. Amma sənin oğlun düz 3 ildir ki, “baxmır”, di gəl, sən yenə bütün yolları düz gedirsən, düz gəlirsən, nə edirsənsə haqq edirsən, düz edirsən.

Bu gün sənin oğlunun şəhadətə yüksəldiyi gündür. Həm də sənin yenidən doğulduğun gündür. Bu gün sənin “Şəhid Quluzadə Nihat Qasım oğlu” ucalığındakı QASIM olduğun gündür. Bütün şəhid ataları, şəhid valideyinləri kimi sənin də ömrün iki hissəyə bölündü: övlad atası- şəhid atası. Oğlun sənə elə bir ünvan, elə bir san yaratdı ki, ondan sonrakı bütün ömrün o ünvanla, o sanla keçəcək, heç zaman bitməyəcək, tükənməyəcək bir hisslə-qürur hissi ilə.

Mən Nihat haqqında hələ də heç nə yaza bilmirəm. Elə bu “məktubu” da, Nihata yox, sənə yazmağımın səbəbi odur. Nihat mənim dilimdə sözlərə, yazımda cümlələrə çevrilə bilmir. Mən Nihatı tərənnüm etməyə, vəsf etməyə kəlmələr tapa bilmirəm, bağışla məni. Hətta Nihatın otağına girib, onun əşyalarına, geyimlərinə, şəkillərinə, qısacası ondan geriyə qalanlara baxanda belə, mən Nihatın yoxluğunu qəbul edə bilmirəm. Dünya qanunlarına, vaxta meydan oxuyan o otaqda sadəcə bir şeyi düşünürəm: biz hamımız, mən də, Sən də, başqaları da, günlər keçdikcə yaşlanacağıq, qocalacağıq, öləcəyik. Amma Nihat heç vaxt yaşlanmayacaq, qocalmayacaq. Nihat heç vaxt ölməyəcək!


Bu gün Sənin oğlunun öz qanını müqəddəs Vətən torpağına qatdığı, öz canına Vətən üçün qıydığı gündür. Bilirsən, “suverenlik” haqda düşünürəm elə indilərdə. Bu məfhumun bir dövlət üçün nə qədər vacib olduğunu, nə qədər dəyərli olduğunu düşünürəm. Sən də bilirsən, “suverenlik” bir dövlətin özünə məxsus bütün ərazilərə nəzarət edə bilməsi, hökm edə bilməsidir. Biz azad idik, müstəqil idik, amma suveren ölkə deyildik. Bax, Nihat şəhid oldu, biz suveren olduq. Bu gün Nihadın şəhadətə yetməsini qeyd edirik, amma sabah bayramdır. Sabah bizim ölkənin “Dövlət suverenliyi günü”dür. Bax bunu Nihata, nihatlara borcluyuq. Bunu nihatları yetişdirən valideyinlərə, atalara borcluyuq. Biz bu günü sənə borcluyuq, şəhid atası!

Görəsən neçə şəhid atası var, öz övladının məzarına oğlunun iş yerinə gedirmiş kimi gedən? Görəsən neçə şəhid atası var oğlunun yatdığı şəhidliyin səliqə-səhmanını öz işi sayan. Görəsən neçə şəhid atası var, bunları özünün borcu sayan? Əlbəttə ki, çoxdur. Mən birini tanıyıram, Səni! Və bütün etdiklərin üçün Sənə minnətdaram, minnətdarıq. Bizim başımızı Nihatın ucaltdığı yüksəkliklərdən enməyə qoymayan adam, təşəkkürlər Sənə!

Görəsən neçə hərbçi atası var, öz övladına “Sənin tabeliyində olan əsgərlər sənə əmanət edilib, onları özündən də yaxşı qoru, onları gəldikləri kimi də ata-analarına təhvil ver” deyən? Elə bu öyüdün, nəticəsində sənin oğlun bütün savaş boyu öz əsgərlərindən öndə getmədimi? Bu nəsihətə əməl edib, hər oda-alova öz əsgərlərindən öncə Nihat özü atılmadımı? Ata nəsihətinə əməl edib, həm 44 günlük savaşda, həm də 23 saatlıq, şəhadətə yüksəldiyi “antiterror əməliyyatında” dör-dör döyüşdü Nihat. Onlarla leşi, yüzlərlə yaralını “hədiyyə etdi” düşmən tərəfə, di gəl dayanmadı. Şəhadətə gözü görə-görə, bilərək, anlayaraq getdi...

Bu gün Sənin oğlunun anım günüdür. Nihatı anırıq bu gün. Amma təkcə son gününü yox, bütün həyatını. Nihatı xatırlayırıq. Döyüş yoldaşlarının danışdığından, hərbçi qardaşlarının sözündən, lap elə düşmənin gözündən baxırıq bu gün Nihata. İnsan kimi belə mülayim, başıaşağı, böyüklə böyük, kiçiklə kiçik olan bir adam, mövzu Vətən olanda, məsələ xalq olanda necə bir anda dəyişə, dəmir iradəli, zabitəli bir zabitə çevrilə bilərmiş. Öz elində, obasında hamıdan sakit görünən bir adam, necə bir anda öz xalqının düşmənlərinin cəlladına çevrilə bilərmiş. Danışırlar, deyirlər, nağıl edirlər. Hərədən bir yarpaq bəs edir, hər hekayədən bir çiçək bəs edir ki, Nihat üçün cənnət yaransın. İndi o cənnətdən Sənə əl edir oğlun. İndi onun o gözəl gözləri ordan baxır sənin yollarına...

Oğlunun 44 günlük Zəfər savaşında yaralanıb, qazi kimi vətəninə, doğma kəndinə döndüyü günü ən çox xatırlıyırsan yəqin. Döyüşdü, vurdu, öldürdü, sonda özü də yaralanıb gəldi. Çiynində uğrunda ölməyə hazır olduğu bayraq, əynində kəfən əvəzi geydiyi hərbi paltar. El çıxdı pişvazına. Maşınlar qatar-qatar düzüldü, adamlar axın-axın gəldi. Yaralanmışdı, qazi olmuşdu. Vətənini azad edib gəlmişdi. Getməyə də bilərdi, haqqı idi. Bu variantı, yəni orduya qayıtmamağı heç düşünmədiniz belə. Nə sən, nə də oğlun. Heç şəhadətindən sonra da düşünmədin, bircə dəfə “kaş ki, getməyə qoymazdım” demədin. O boyda oğul dərdinin əvvəlinə min dənə “kaş” düzdün, amma bir bu “kaş”ı demədin.

Getdi... Bu dəfə gələndə bayraq çiynində deyildi, tabutuna bürünmüşdü. Getdi, o gedəndə Vətəni azad idi, torpaqları azad edib gəlmişdi, “qayıdanda” suveren bir ölkənin şəhidi idi, bütövlüyü qazanıb “gəlmişdi”. Getdi, gedəndə özü ilə ümidləri, arzuları aparmışdı, “qayıdanda” qüruru, adı, zirvəni gətirdi. Gedəndə sizdən heç nə istəmədi, aparmadı, “qayıdanda” sənə, anasına, ailəsinə, kəndinə obasına başıucalıq, fəxarət gətirdi.

İndi ucqar bir kəndin ən hündür yerində, kənd şəhidliyində öz şəhid qardaşı ilə bərabər uyuyur. Uşaqlığında ona təkcə anası lay-lay çalıb, bayatı deyərdi. İndi bir elə, bir oba, lay-lay çalır, bir ölkə ağı deyir, sənin oğluna. Sən isə həmişəki kimi, mərd, məğrur duruşunla, sakit halınla, əyilməyən vüqarın, qürurunla öz oğlunun yanındasan, yolundasan. Öz oğlunun, öz Vətəninin qulluğundasan.

Təşəkkürlər, ŞƏHİD ATASI! Sən bu vətənə, bu elə, bu dövlətə, ən əsası da öz şəhid balana layiq ATAsan! Sən KİŞİ ADAMSAN!

Çingiz Özgür

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar