Rusiyada Ukrayna müharibəsinin başa çatması və qələbə ilə bağlı gözləntilər yaradılmağa başlanıb. Kreml hakim “Vahid Rusiya” Partiyasının deputatlarını Ukraynadakı müharibədə qələbəyə və döyüş iştirakçılarının kütləvi şəkildə evlərinə qayıtmasına hazırlaşmağa çağırıb.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Administrasiyasının nümayəndələri hakim partiyanın deputatları üçün xüsusi seminar təşkil ediblər.
Noyabrın 13–14-də Moskva vilayətində keçirilən seminarda Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko da iştirak edib. O, deputatlara müharibə iştirakçıları ilə sıx əməkdaşlıq etməyin vacibliyini vurğulayıb.
Bəs Kremlin bu mesajının arxasında nə dayanır? Moskva həqiqətən müharibənin başa çatmasına hazırlaşır, yoxsa ictimai rəyi növbəti siyasi manevrə hazırlayır?
Politoloq Natiq Miri
“Bakupost”a açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələrin intensivləşdiyi bir vaxtda Kremlin qələbə hazırlığından danışması ciddi suallar doğurur.
Onun sözlərinə görə, Ukrayna Rusiyanın Kiyevdəki körpülərə endirdiyi zərbələrə cavab olaraq Krım körpüsünü iki dəfə hədəfə alıb. Tərəflərin enerji və nəqliyyat infrastrukturuna hücumları müharibənin daha təhlükəli mərhələyə keçdiyini göstərir.
“Ukraynanın dörd böyük şəhəri qaranlığa qərq olduğu kimi, bu gün Krım da analoji vəziyyətlə üzləşib. Düşünürəm ki, qısa zamanda Taqanroq və Ukrayna ilə sərhəddə yerləşən digər Rusiya şəhərlərini də eyni vəziyyət gözləyə bilər. Qış aylarında Sankt-Peterburq və Moskva üçün də belə təhlükələr yarana bilər.
Cəbhə xəttində də Rusiya ordusu ciddi müqavimətlə üzləşir. Zaporojye istiqamətində Ukrayna qüvvələrinin irəliləyişləri barədə məlumatlar var. Ukrayna xalqını bombardmanlarla, soyuqla qorxudaraq təslim etmək mümkün olmayacaq”.
Politoloq hesab edir ki, belə bir şəraitdə Kremlin deputatları qələbəyə hazırlaması daha çox siyasi-psixoloji məqsəd daşıyır.
“Deputatları guya qələbəyə hazırlaşmaqla bağlı xəbərdar edirlər. Bununla da xalq arasında Rusiyanın müharibədən qalib çıxdığı düşüncəsini formalaşdırmağa çalışırlar. Əslində, bu, siyasi şoudan başqa bir şey deyil”.
Natiq Mirinin fikrincə, Kremlin narahat olduğu məsələlərdən biri də müharibə başa çatdıqdan sonra yüz minlərlə hərbçinin cəmiyyətə qayıtmasıdır.
“Cəbhədən qayıdacaq bir milyona yaxın əsgərin işlə təminatı, sosial problemlərinin həlli kimi ciddi məsələlər var. Bu insanlar yenidən dinc həyata uyğunlaşmalıdırlar. Kreml bunun yaradacağı problemləri də nəzərə almağa məcburdur”.
Ekspert bildirib ki, Rusiya bir tərəfdən müharibənin başa çatmasına hazırlıq görüntüsü yaratsa da, digər tərəfdən real atəşkəsə aparan addımlar atmır:
“Moskva problemləri həll etmək üçün təklif olunan atəşkəsi qəbul etmir. Halbuki sülhün əldə olunması üçün ilk növbədə atəşkəs lazımdır. Kreml isə maksimalist iddialarla çıxış edir, keçən əsrin 90-cı illərinə qədər mövcud olmuş təsir dairəsini bərpa etməyə çalışır.
Rusiya soyuq qış aylarında endirəcəyi zərbələrlə Ukraynanı təslim olmağa məcbur etmək istəyir. Eyni zamanda, Avropa İttifaqının parçalanacağına və Avropanın Ukraynaya dəstəyi dayandıracağına ümid bəsləyir. Ancaq Qərbin bu şərtləri qəbul edəcəyini düşünmürəm. Yeni ilə qədər atəşkəsin əldə olunmasını da real hesab etmirəm”.
Natiq Miri Kremlin son addımlarının yalnız daxili auditoriyaya hesablanmadığını düşünür. Onun fikrincə, Moskva bununla ABŞ Prezidenti Donald Trampa da müəyyən mesaj göndərmək istəyir.
“Bunlar sadəcə siyasi şoudur. Belə görüntü yaradırlar ki, guya Rusiya dövləti və cəmiyyəti sülhə hazırlaşır. Əslində, məqsəd Donald Trampı da buna inandırmaqdır”.
Beləliklə, Kreml müharibənin başa çatması ilə bağlı müəyyən hazırlıqlardan danışsa da, döyüş meydanında gərginlik davam edir. Hakimiyyətin qələbə ritorikasının real sülh hazırlığı, yoxsa daxili və xarici auditoriyaya hesablanmış siyasi mesaj olduğu hələlik açıq qalır.
Rüfət Sultan,
BakuPost