Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük xəstəliklərinin diaqnostikası üçün zəruri olan tibbi avadanlığın olmadığı iddia edilir.
"Bakupost" xəbər verir ki, bu barədə həkim radioloq Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, hər gün onlarla sümük-oynaq əməliyyatının aparıldığı, yüzlərlə pasiyentin müraciət etdiyi tibb müəssisəsində sümük densitometriya (osteodensitometriya) cihazı yoxdur və ya mövcud avadanlıq işləmir.
"Biabırçılığın zirvəsi! Hər gün onlarla sümük-oynaq əməliyyatının aparıldığı, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını, osteoporoz və osteopeniyanı təyin etmək üçün sümük densitometriyası (osteodensitometriya) cihazı yoxdur, ya da var, işləmir!Bu, bilirsiniz nəyə bənzəyir? Elə bil ki, dərzinin iynəsi yoxdur, bərbərin qayçısı yoxdur və s", - deyə o qeyd edib.
Sözügedən iddia ilə bağlı Səhiyyə Nazirliyindən "Bakupost"a bildirilib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müasir kompüter tomoqrafiyası (KT) və rəqəmsal rentgen avadanlıqları ilə təchiz olunub.
Qeyd edilib ki, bu avadanlıqlar vasitəsilə sümük toxumasının vəziyyətini, struktur xüsusiyyətlərini, sümükdə baş verən dəyişiklikləri və müxtəlif patoloji əlamətləri qiymətləndirmək mümkündür. Müvafiq klinik göstərişlər olduqda KT və rentgen müayinələri sümük toxumasının vəziyyəti barədə mühüm diaqnostik məlumatların əldə edilməsinə şərait yaradır.
Nazirlikdən bildirilib ki, osteoporoz və osteopeniya kimi xəstəliklərin diaqnostikasında müxtəlif instrumental müayinə üsullarından istifadə olunur.
"Densitometriya sümük mineral sıxlığının kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bununla belə, travmatologiya və ortopediya sahəsində bu müayinə əsas diaqnostik üsul deyil, zəruri hallarda tətbiq olunan əlavə müayinə vasitələrindən biridir.
İnstitutda travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası və müalicəsi mövcud tibbi-texniki imkanlar, klinik göstərişlər və müasir tibbi yanaşmalar əsasında həyata keçirilir. Hər bir pasiyentin fərdi klinik vəziyyəti nəzərə alınaraq müvafiq müayinə üsulu müəyyən edilir".
Lalə Novruz, BakuPost