Azərbaycanda bank əmanətlərindən əldə olunan faiz gəlirlərinə tətbiq edilən vergi güzəştlərindən birinin müddəti bu ilin sonunda başa çatır. Güzəşt uzadılmasa, 2027-ci ildən uzunmüddətli manat əmanətlərinin aylıq 200 manatdan artıq faiz gəlirləri də vergiyə cəlb olunacaq.
"Bakupost" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat yayıb.
Deputat bildirib ki, Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsində nəzərdə tutulan güzəştin müddəti 2026-cı ilin sonunda başa çatır. Parlamentdə müzakirə olunan dəyişikliklər paketində isə həmin müddətin uzadılması nəzərdə tutulmayıb.
Mövcud qanunvericiliyə əsasən, fiziki şəxslərin banklarda manatla yerləşdirdikləri əmanətlər üzrə aylıq faiz gəlirlərinin 200 manatadək hissəsi gəlir vergisindən azaddır. Bundan başqa, 18 ay və daha uzun müddətə yerləşdirilən, əsas məbləği 18 aydan tez qaytarılmayan manat əmanətləri üzrə faiz gəlirlərinə məbləğindən asılı olmayaraq vergi tətbiq edilmir.
Lakin ikinci güzəştin müddəti başa çatır. Bu isə o deməkdir ki, güzəşt uzadılmasa, uzunmüddətli əmanətlərdən əldə edilən aylıq faiz gəlirinin 200 manatdan artıq hissəsinə də 10 faiz gəlir vergisi tətbiq olunacaq.
Məsələn, bankdakı əmanətindən ayda 500 manat faiz gəliri əldə edən və hazırda bu gəlirə görə vergi ödəməyən müştərinin 2027-ci ildən 300 manatlıq gəliri vergiyə cəlb ediləcək. Nəticədə o, ayda 30 manat, ildə isə 360 manat daha az qazanacaq.
Bəs bu dəyişiklik banklara olan etimada və əmanətlərin həcminə necə təsir göstərəcək? Vətəndaşlar pullarını banklardan çıxara bilərlərmi?
Maliyyə-bank eksperti Əkrəm Həsənov BakuPost-a açıqlamasında bildirib ki, Azərbaycanda əmanətlərin faiz gəlirlərinə vergi güzəştlərinin ləğvi təcrübəsi əvvəllər də yaşanıb.
“Əslində, üç il bundan əvvəl də əmanətlər üzrə vergi güzəşti tamamilə ləğv olunmuşdu. Sonra isə yenidən güzəşt tətbiq edildi. Düzdür, bu, əvvəlki səviyyədə olmayan bir güzəşt idi, amma hər halda yenə də güzəştə getdilər. İndi isə onun da müddəti başa çatır”.
Ekspert hesab edir ki, güzəştin başa çatması banklara olan etimadı ciddi şəkildə sarsıtmayacaq. Onun sözlərinə görə, əvvəlki təcrübə də bunu göstərib.
“Üç il bundan əvvəl vergi güzəşti ləğv olunanda ümumiyyətlə heç nə baş vermədi. Yəni güzəştlərin ləğvinə baxmayaraq, banklarda əmanətlər azalmadı, əksinə, daha da artdı. Bu, etimad məsələsi deyil. Sadəcə, müştərinin bankdan qazandığı faiz gəlirindən vergi tutulur. Nəticədə müştəri daha az qazanır. Amma ölkəmizdə əmanət saxlayanlar heç də bunu əsas götürmürlər. Sadəcə, artıq pulları var, banka qoyurlar”.
Əkrəm Həsənovun fikrincə, dəyişiklik bank sektorunda ciddi problemlər yaratmayacaq.
“Necə var, elə də qalacaq. Bunun heç bir ciddi təsiri yoxdur. Ədalət baxımından da bu vergi tutulmalıdır. Necə olur ki, işləyən insandan gəlir vergisi, habelə əmlakından, torpağından vergi tutulur, amma banka qoyulan əmanətindən vergi tutulmasın?”
Beləliklə, ekspert vergi güzəştinin başa çatmasının banklardan kütləvi əmanət çıxarılmasına səbəb olacağını gözləmir. Bununla belə, dəyişiklik uzunmüddətli əmanət saxlayan və aylıq 200 manatdan artıq faiz gəliri əldə edən müştərilərin qazancını azalda bilər.
Qeyd edək ki, deputat Vüqar Bayramov 18 ay və daha uzun müddətə yerləşdirilən manat əmanətlərinin faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin daha üç il uzadılmasını təklif edib. Bu təklif qəbul olunarsa, uzunmüddətli əmanətçilər üçün mövcud güzəşt davam edə bilər.
Rüfət Sultan
BakuPost