Ru
12:24 / 17 Noyabr 2026

Eldar Əzizov Bakı meriyasında şöbələri niyə birləşdirir? – Ekspert səbəbləri açıqladı

Eldar Əzizov Bakı meriyasında şöbələri niyə birləşdirir? – Ekspert səbəbləri açıqladı
Eye

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş struktur dəyişiklikləri aparılıb. Bir sıra şöbələr ləğv edilərək digərlərinə birləşdirilib, bəzi strukturların isə adı və fəaliyyət istiqamətləri dəyişdirilib.

"Bakupost" Ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb.

Dəyişikliklərə əsasən, qurumun İctimai-siyasi, Humanitar məsələlər və Dini Qurumlarla iş şöbələri birləşdirilərək onların əsasında İctimai-siyasi məsələlər şöbəsi yaradılıb.

Diqqətçəkən məqamlardan biri Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin ayrıca struktur kimi ləğv edilərək İctimai-siyasi məsələlər şöbəsinə birləşdirilməsidir.

Bundan başqa, Mənzil fondunun uçotu şöbəsi Şəhər təsərrüfatı şöbəsinə birləşdirilib. Yeni struktur Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsi adlandırılıb.

Tikinti məsələləri şöbəsi də ayrıca fəaliyyətini dayandıraraq Nəzarət-təftiş şöbəsinə birləşdirilib. Onun əsasında Nəzarət və tikinti məsələləri şöbəsi yaradılıb.

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş, Ərazi-təşkilat məsələləri, eləcə də Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ilə bağlı dəyişikliklər aparılıb. Yeni struktur Sosial-iqtisadi məsələlər və mədəni irsin qorunması şöbəsi adlandırılıb.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi isə Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinə çevrilib.

Bəs Bakı meriyasında bu qədər şöbənin birləşdirilməsi hansı zərurətdən yaranıb? Məqsəd idarəetməni sadələşdirmək, büdcə xərclərini azaltmaq, yoxsa rəhbərliyin nəzarət imkanlarını gücləndirməkdir? Ən əsası, bu dəyişikliklər Bakı sakinlərinin gündəlik problemlərinin həllinə necə təsir göstərəcək?

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli BakuPost-a açıqlamasında bildirib ki, aparılan dəyişiklikləri ilk növbədə idarəetmənin optimallaşdırılması, paralel funksiyaların aradan qaldırılması və qərar qəbuletmə mexanizminin sadələşdirilməsi cəhdi kimi qiymətləndirmək olar.

“Bir neçə şöbənin birləşdirilməsi göstərir ki, əvvəl ayrı-ayrılıqda fəaliyyət göstərən, lakin səlahiyyət və funksiyaları müəyyən qədər üst-üstə düşən istiqamətlərin vahid idarəetmə altında cəmləşdirilməsi nəzərdə tutulur”.

Ekspertin sözlərinə görə, burada söhbət təkcə şöbələrin adlarının dəyişdirilməsindən getmir. Yeni struktur idarəetmə və nəzarət mexanizmlərinə də təsir göstərə bilər.

“Məsələn, tikinti və nəzarət funksiyalarının bir strukturda birləşdirilməsi şəhərsalma və tikinti məsələlərinə nəzarətin daha koordinasiyalı həyata keçirilməsi məqsədi daşıya bilər. Mənzil fondunun uçotunun şəhər təsərrüfatı ilə birləşdirilməsi də kommunal və mənzil təsərrüfatı məsələlərinin vahid idarəetmə mexanizmi əsasında həllinə xidmət edə bilər. Şəhid ailələri və müharibə iştirakçıları ilə işin ictimai-siyasi məsələlər üzrə şöbəyə daxil edilməsi isə bu istiqamətdə inzibati idarəetmənin yenidən qurulduğunu göstərir”.

Akif Nəsirli hesab edir ki, dəyişikliklərin arxasında məsuliyyət bölgüsünü dəqiqləşdirmək və rəhbərliyin ayrı-ayrı sahələrə nəzarət imkanlarını artırmaq niyyəti də dayana bilər.

“Çünki çoxsaylı və bir-birindən ayrı fəaliyyət göstərən strukturlar bəzən qərarların icrasını ləngidir, koordinasiya problemləri yaradır və məsuliyyətin bölüşdürülməsini çətinləşdirir. Şöbələrin birləşdirilməsi bu problemləri azaltmaq üçün inzibati vasitədir”.

Lakin şöbələrin birləşdirilməsi hələ idarəetmənin yaxşılaşması demək deyil.

İqtisadçı vurğulayıb ki, struktur islahatının səmərəliliyi kağız üzərində aparılan dəyişikliklərlə deyil, onun praktik nəticələri ilə ölçülməlidir.

“Əsas məsələ yeni strukturların real səlahiyyətləri, əməkdaşların peşəkarlığı, operativ qərarvermə və vətəndaş müraciətlərinə münasibətin necə dəyişəcəyidir. Əgər dəyişikliklər yalnız ştatların və şöbə adlarının yenilənməsi ilə məhdudlaşarsa, gözlənilən nəticəni verməyəcək. Əksinə, funksiyalar dəqiq bölüşdürülər, bürokratik prosedurlar azaldılar və icra intizamı gücləndirilərsə, bu, Bakı şəhərinin idarə olunmasında müəyyən səmərəlilik yarada bilər”.

Akif Nəsirlinin fikrincə, nəticəni müəyyən edən əsas meyar şöbələrin sayı deyil, şəhər sakinlərinin gündəlik problemlərinin nə dərəcədə operativ həll olunmasıdır.

Bununla belə, dəyişikliklərlə bağlı bir sıra suallar hələlik açıq qalır. Yeni struktur nəticəsində neçə ştat vahidinin ixtisar edildiyi, idarəetmə xərclərinə nə qədər qənaət olunacağı, həmçinin şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xidmətlərin hansı mexanizmlə davam etdiriləcəyi barədə məlumat yoxdur.

Bu sualların cavabı aparılan dəyişikliklərin real inzibati islahat, yoxsa sadəcə struktur yenilənməsi olduğunu qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Rüfət Sultan
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar