Bakıda əlilliyi olan şəxslər üçün nəzərdə tutulan parklanma yerində avtomobil saxladığına görə 60 manat cərimələnən vətəndaşa əlavə olaraq 36 manat dəbbə pulu hesablanıb.
"Bakupost" xəbər verir ki, Orxan Murquzov adlı vətəndaş 36 manat dəbbə pulunun hansı hüquqi əsasla tətbiq edildiyinə aydınlıq gətirilməsini istəyib.
Hüquqşünas Elnur Məmmədov
"Bakupost"a bildirib ki, əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin saxlanılmasına görə 60 manat cərimə tətbiq edilməsi qanunvericiliyə uyğundur.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinə əsasən, belə pozuntuya görə 60 manat məbləğində inzibati cərimə nəzərdə tutulub.
Hüquqşünas əlavə edib ki, dəbbə pulunun hesablanması isə ayrıca hüquqi qiymətləndirmə tələb edir.
"Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş cərimə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra 30 gün ərzində üzrsüz səbəbdən ödənilmədikdə, növbəti hər gecikmə günü üçün cərimənin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Bu hesablanma iki aydan artıq davam edə bilməz. Nəticə etibarilə, 96 manatın tələb edilməsi özlüyündə qanunsuz hesab edilə bilməz. Lakin vətəndaş 36 manat dəbbə pulunun yenidən hesablanmasını tələb edə, zərurət olduqda isə qərardan şikayət verə bilər. Qeyd olunan işlə bağlı əsas məsələ cərimənin məbləği deyil, dəbbə pulunun qanuni müddət və qaydada hesablanıb-hesablanmamasıdır".
Məsələ ilə bağlı AYNA-dan
"Bakupost"a bildirilib ki, parklanma ilə bağlı yaranan suallar, üzləşdikləri çətinliklər, eləcə də qanunsuz cərimə iddiaları ilə əlaqədar vətəndaşlar “141” Çağrı Mərkəzi, elektron poçt ünvanı və agentliyin bütün sosial şəbəkə platformaları vasitəsilə müraciət edə bilərlər.
Bildirilib ki, daxil olan müraciətlər araşdırılır və nəticəsi barədə birbaşa vətəndaşa məlumat verilir.