SSRİ-də işlərini “əla görən” parlaq sovet əməliyyatçıları haqqında çox şey yazılıb və lentə alınıb. Lakin bunların çoxu uydurmadır.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bəzi əhəmiyyətli işlər tozlu arxiv rəflərində qalıb, onların sirləri hələ də açılmayıb.
Ərini həbs edib, özünü bıçaqlayıblar
1939-cu il iyulun 14-dən 15-nə keçən gecə iki naməlum şəxs Zinaida Reyxin mənzilinə soxularaq aktrisaya hücum edib, ona 17 bıçaq zərbəsi vurub. Hücum qadının əri Vsevolod Meyerholdun həbsindən 24 gün sonra baş verib. Reyx tibbi yardım ala bilməyib; o, xəstəxanaya aparılarkən yolda ölüb. Əvvəlcə müstəntiqlər qətldə Meyerholdun dostu, Böyük Teatrının solisti Dmitri Qolovini və oğlunu ittiham ediblər. Evlərində aktrisaya məxsus qiymətli əşyaların aşkarlanması onlara qarşı dəlil kimi istifadə edilib. Lakin ölənin qohumları mənzildən heç nəyin oğurlanmadığını iddia ediblər.
Daha sonra məlum olub ki, cinayətkarlar tamahkarlıqla deyil, şəxsi niyyətlərlə hərəkət ediblər. Onlar heç vaxt tapılmasalar da, aktrisanın bir çox pərəstişkarı bunun bu yaxınlarda onun mənzilinə basqın edən SSRİ Xalq Daxili İşlər Komissarlığının zabitlərinin qisası olduğuna inanıb.
Meyerhold özü sakit adam olsa da, həyat yoldaşı həyasız və qalmaqallı olub. Yazıçı və hüquqşünas Arkadi Vaksberq qətlin Beriyanın işi olduğunu bildirib. Onun fikrincə, Beriya populyar və müstəqil aktrisanı “aradan qaldırmaq” istəyib.
“Əgər Stalin incəsənətdə heç nə başa düşmürsə, qoy Meyerholddan soruşsun, Meyerhold hər şeyi bilir...”. Bax, bu ifadələr aktrisanın sonunu gətirib.
Yarımçıq uçuş
10 oktyabr 1971-ci ildə “Tu-104B” təyyarəsi planlaşdırılmış Simferopol-Moskva-Simferopol reysi üzrə daxili uçuş həyata keçirib. Uçuşun ilk mərhələsi rahat keçib - təyyarə saat 19:00-da Vnukovo hava limanına eniş edib və növbəti uçuşuna hazırlaşmağa başlayıb. Saat 20:16-da təyyarə buludlarla örtülü səmaya qalxıb. Pilot hava hərəkəti dispetçerinə uçuş barədə məlumat verməyə macal tapmamış, partlayış səsi eşidilib. Hava gəmisi parçalanıb, 25 heyət üzvü və sərnişinlərin hamısı həlak olub.
Komissiyaya təyyarənin niyə cəmi 36 saniyə havada qaldığını müəyyən etmək tapşırılıb. Baranovo kəndi yaxınlığında yerə düşən qalıqları araşdırarkən trotil izləri müəyyən edilib və təyyarənin göyərtəsinə bomba qoyulduğu qənaəti yaranıb. Əvvəlcə mütəxəssislər partlayıcı qurğunun baqaj bölməsində olduğuna inanıblar. Lakin sonradan oturacaqla divar arasında ən azı 400 qram trotil olan bir çantanın qaldığı müəyyən edilib. İstintaq hadisədə iştirak edənlərin şəxsiyyətini heç vaxt müəyyən edə bilməyib.
SSRİ-də ilk sifarişli qətl
1981-ci ilin fevral ayında təyyarə dizayneri İqor Berejnoy Moskvaya işgüzar səfərə yollanıb. O, rəhbərlik etdiyi Kuybışev Avtomatik Sistemlər Konstruktor Bürosunda görülən işlər barədə rəhbərlərinə hesabat verməli idi. Getməzdən əvvəl Berejnoyun müavini Gennadi Nerozya ondan anası üçün tapılmayan dərman gətirməsini istəyib. Bu, dizaynerin həmkarlarına bu cür kömək etdiyi ilk dəfə deyildi. Fevralın 4-də dərman qutusu birbaşa onun olduğu maşına çatdırılıb.
Dizayner paketi açanda partlayış baş verib. Maşından qalan tək şey döşəmə, dörd təkər və mühərrik olub və Berejnoy özü hadisə yerində keçinib. Bu səs-küylü iş Sovet İttifaqında ilk sifarişli qətl adlandırılıb. Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropov özü istintaqa qoşulub, lakin nə təşkilatçı, nə də cinayətkar tapılmayıb. 1984-cü ildə müstəntiqlər Gennadi Nerozyanı qətlin təşkilatçısı adlandırıblar. Lakin sübutların olmaması səbəbindən ittihamlar ləğv edilib və işin üstü hələ də açılmayıb.
Daha sonra baş verənlərlə bağlı müxtəlif versiyalar ortaya çıxıb. Şayiələr hökumətin də bu işdə əlinin olduğunu göstərib: guya onlar bunu həddini aşanları nə gözlədiyini göstərmək üçün ictimai edam təşkil ediblər.
Məsələ burasındadır ki, Berejnoyun şəhər rəhbəri olacağı bildirilib. O, öz bürosunda təyyarələr üçün unikal lazer eniş sistemi hazırlayıb və bu, amerikalıların marağına səbəb olub. Bundan əlavə, Berejnoy və onun tabeliyində olanlar qanunsuz foto və videoçəkiliş studiyasının təşkili ilə də məşğul olublar.