Avtobus sürücüsü sərnişinləri yarı yolda düşürüb. Bununla bağlı görüntülər yayılıb.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi-Maştağa qəsəbəsi və əks istiqamət üzrə işləyən 131 nömrəli marşrutdan gedir.
Həmin vaxt avtobusda olan sərnişinlərdən biri bu vəziyyəti çəkərək paylaşdığı videoda iddia edib ki, sürücü sərnişinləri nasaz olan avtobusa mindirib. Daha sonra isə digər sürücü həmkarı ilə mübahisə edərək sərnişinləri yolda düşürərək gedib.
Yayılan görüntülər sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Avtobus sürücüsü isə deyilənlərlə razılaşmayıb. O, sərnişinləri avtobusa mindirdikdən sonra təkərdə problem yarandığını iddia edib.
Daşıyıcı şirkətin direktor müavini isə deyib ki, 10-TG-801 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü saat 18:30 radələrində yaranan texniki nasazlıqla bağlı dispetçerə məlumat verib.
Yerüstü Nəqliyyat Agentliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, 131 nömrəli marşrut üzrə hərəkət edən 10 TG 801 dövlət qeydiyyat nişanlı avtobusda təkərlə bağlı texniki problem yaranıb. Sürücü avtobusu saxlayaraq sərnişinləri xətt üzrə digər avtobusa yönləndirib. Avtobusun təkəri təmir olunduqdan sonra xəttə qaytarılıb.
Agentlikdən o da bildirilib ki, daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı tapşırıq verilib.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.