Tanınmış türkiyəli jurnalist Orxan Atasoy dünyasını dəyişib.
Bakupost.az “Hürriyet”ə istinadən xəbər verir ki, Atasoy bu gün günorta saatlarında Teşvikiye məscidində qılınacaq cənazə namazının ardından Zəncirliquyudakı ailə məzarlığında torpağa tapşırılacaq.
Onun vəfatı ilə bağlı Türkiyə Jurnalistlər Cəmiyyəti (TGC) İdarə Heyəti tərəfindən yayılan başsağlığı mesajında deyilir:
“Dəyərli üzvümüz Orxan Atasoyun itkisindən dərin hüzn içindəyik. Uzun illər jurnalistika peşəsinə böyük uğurla xidmət etmiş Orxan Atasoyu heç vaxt unutmayacağıq. Ailəsinə və media cameəmizə başsağlığı və səbir diləyirik”.
Qeyd edək ki, 1939-cu ildə İstanbulda anadan olan Orxan Atasoy İngiltərənin Lids Universitetində təhsil alıb. Jurnalistikaya 1966-cı ildə “Yeni İstanbul” qəzetində başlayıb. Daha sonra “Türk Xəbərlər Agentliyi”, “Günaydın” və “Hürriyet” qəzetlərində fəaliyyət göstərib. “Kongre” qəzetini nəşr edib və “Felek Nəşriyyatı”nın əsasını qoyub.
O, Daimi Mətbuat Kartına və 2017-ci il Burhan Felek Mükafatına layiq görülüb. İngilis dilini bilən Atasoy, tanınmış jurnalist, idmançı və yazıçı Burhan Felekin qardaşı qızı Okşan Atasoyla evli idi. Cütlüyün bir övladı var idi.
Lalə,
BakuPost