Ru
17:06 / 30 Yanvar 2026

Təhqirlərlə reytinq yığan jurnalistlər cəzalanacaq - Yeni qanunun şərhi

Təhqirlərlə reytinq yığan jurnalistlər cəzalanacaq - Yeni qanunun şərhi
Eye

Xəbər verdiyimiz kimi, Ali Məhkəmənin yeni qərarı ilə bundan sonra canlı yayımlarda baş verən şəxsiyyət hüquqlarının pozulması hallarında media subyektləri də məsuliyyət daşıyacaq.

Belə ki, Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarı ilə 26 il əvvəl qəbul olunan qərar qüvvədən düşdü. Plenumun 1999-cu il mayın 14-də qəbul edilən “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarı əvvəllər məhkəmə mübahisələrinin tənzimlənməsində geniş tətbiq olunurdu.

Yeni qərarda əvvəlkindən fərqli olaraq şəxsi toxunulmazlıq hüququndan ayrılan şərəf, ləyaqət, işgüzar nüfuz yeni anlayışlarla əhatə olunub.

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında media eksperti Yadigar Məmmədli bildirib ki, bu dəyişikliklər ümumilikdə mütərəqqi xarakter daşıyır:

“Bu qanun 1999-cu ildə qəbul olunmuşdu. Həmin vaxtdan bu sahədə çoxlu dəyişikliklər baş verib. Məsələn, bu gün sosial şəbəkələrdə canlı yayımlar adi hala çevrilib. İstənilən mövzu sosial şəbəkələrdə yayımlanır və bəzən bu yayımlar zamanı insanların şərəf və ləyaqətinə xələl gətirilir. Buna müəyyən bir nizam gətirilməlidir”.

Ekspertin sözlərinə görə, yeni qərarla şərəf, ləyaqət və işgüzar nüfuz anlayışlarına daha aydın hüquqi qiymət verilib:

“Əvvəllər məhkəmə praktikasında bu anlayışlarla bağlı bəzən qarışıq, ziddiyyətli qərarlar olurdu. İndi isə məsələ daha dəqiq çərçivəyə salınıb. Bu da hüquqi baxımdan olduqca vacibdir”.

Yadigar Məmmədli qeyd edib ki, Media haqqında qanunun 77-ci maddəsinə əsasən canlı yayımlarla bağlı müəyyən istisnalar mövcuddur:

“Qanunda göstərilir ki, media orqanları birbaşa canlı yayım zamanı səsləndirilən fikirlərə görə məsuliyyət daşımaya bilərlər. Lakin burada başqa bir məqam ortaya çıxır. Məsələn, bir şəxs canlı yayıma qoşularaq fikir bildirirsə və əvvəlcədən qeyd olunursa ki, səsləndirilən fikirlər medianın deyil, həmin şəxsin mövqeyidir, bu halda məsuliyyət fərqli olur. Əvvəllər qəzetlərdə də belə praktika var idi – müəllif yazı yazırdı və sonunda qeyd edilirdi ki, bu fikir redaksiyanın mövqeyi ilə üst-üstə düşmür. Bu zaman redaksiya məsuliyyət daşımır. Amma əgər belə bir qeyd yoxdursa və istənilən şəxs canlı yayıma qoşularaq kiminsə barəsində fikir bildirirsə, artıq məsuliyyət yaranır”.

Ekspert əlavə edib ki, bu qərar mediaya qarşı təzyiq kimi qiymətləndirilməməlidir:

“Media fikirlərini sərbəst şəkildə ifadə edə bilər. Sadəcə olaraq, bu qanunun zəruriliyi sosial şəbəkələrdə canlı yayımların çoxalması və həmin yayımlarda işgüzar nüfuzun, şərəf və ləyaqətin alçaldılması, böhtan xarakterli məlumatların yayılması ilə bağlıdır”.

Media eksperti Azər Həsrət isə bildirib ki, xüsusilə onlayn media bolluğu şəraitində canlı efirdə ayrı-ayrı şəxslər haqqında uyğun olmayan ifadələr səsləndirilir, insanların şərəf və ləyaqəti təhqir olunur və bu, çox vaxt cavabsız qalır. Onun sözlərinə görə, bundan sonra media qurumları efirə çıxardıqları şəxslərin fikirlərinə daha diqqətlə yanaşmalı olacaqlar:


“Çünki indiyə qədər bəzi hallarda kimlərsə efirdə kimisə təhqir edir, bundan sensasiya yaradılırdı və bu pis təcrübə getdikcə genişlənirdi. Bu gün Azərbaycanda bəzi media subyektləri məhz başqalarına böhtan atmaq, təhqir etmək, işgüzar nüfuzu zədələməklə auditoriya toplamağa çalışırlar. Artıq bundan sonra media subyektləri efirə çıxardıqları, danışdırdıqları şəxslərin söylədiklərinə daha diqqətli yanaşmalı olacaqlar. Bu, faktiki olaraq məsuliyyətin daha da artırılması deməkdir. Buna həqiqətən ciddi ehtiyac var idi və yaxşı ki, bu istiqamətdə addımlar atılır. Çünki çox vaxt insanlar azadlıqlarından istifadə edirlər, amma məsuliyyət hissini arxa plana keçirirlər. İndi isə yavaş-yavaş elə bir mərhələyə gəlib çatırıq ki, məsuliyyət anlayışı ön plana çıxmalıdır”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar