ABŞ-nin İranın həyati əhəmiyyət daşıyan elektrik stansiyalarını vura biləcəyilə bağlı ehtimallardan sonra molla rejimi əhalini elektrik stansiyalarının ətrafına toplamaq qərarına gəlib.
İranın gənclər və idman nazirinin müavini Əli Rza Rəhimi ölkə əhalisini aprelin 7-də ABŞ prezidenti Donald Trampın bombalamaqla hədələdiyi elektrik stansiyalarının yaxınlığında keçiriləcək kütləvi etiraz aksiyalarında iştiraka çağırıb. Belə görünür, İran rəsmiləri bu çağırışla sözügedən hədəflərin vurulacağı halda dinc əhalinin kütləvi qırğınına bais olmaq istəyir. Bu isə Tehranın mülki sakinləri hədəfə gətirməklə prosesdə hansısa məqsədlər güddüyünə işarə sayıla bilər.
Mövzu ilə bağlı
Bakupost.az-a danışan Yaxın Şərq üzrə ekspert, konfliktoloq Azər Hüseynov bildirib ki, İran hakimiyyətinin insanları elektrik stansiyalarının ətrafına yönləndirməsi ilk baxışda riskli və hətta təhlükəli addım kimi görünə bilər:
“Amma məsələni daha geniş siyasi və strateji kontekstdə dəyərləndirdikdə, fərqli bir məntiq ortaya çıxır”.
Ekspertin sözlərinə görə, bu cür davranış klassik hərbi taktika deyil, daha çox informasiya və psixoloji müharibənin tərkib hissəsi kimi qiymətləndirilməlidir:
“İran anlayır ki, müasir münaqişələrdə təkcə cəbhədə qazanılan uğur yetərli deyil. Beynəlxalq ictimai rəy, medianın reaksiyası və humanitar diskurs ən azı hərbi nəticələr qədər təsirli ola bilir. Məhz bu səbəbdən mülki əhalinin müəyyən obyektlər ətrafında görünməsi potensial hücumların siyasi qiymətini artırır”.
Konfliktoloq deyir ki, İranın məqsədi ABŞ-nin elektrik stansiyalarına vuracağı zərbələrin geniş miqyaslı humanitar böhran yaradacağını nəzərə alaraq ya geri çəkilməsinə, ya da beynəlxalq təzyiqə məruz qalmasına nail olmaqdır:
“Axı elektrik stansiyaları sıradan obyektlər deyil, bir ölkənin gündəlik həyatının sinir sistemidir. Elektrik stansiyalarına zərbə, faktiki olaraq, birbaşa mülki həyatın bütün sahələrinə domino effekti ilə təsir edir. Əgər belə obyektlər hədəfə alınarsa, bu yalnız enerji infrastrukturu ilə məhdudlaşmır, geniş miqyaslı humanitar böhran riski yaradır”.
Həmsöhbətimiz qeyd edir ki, bu məsələ beynəlxalq hüquq kontekstində də mübahisəlidir:
“Müharibə qanunlarına görə mülki infrastrukturun qəsdən hədəf alınması qadağandır, xüsusilə də bu, birbaşa mülki əhalinin həyatını təhlükəyə atırsa. Elektrik stansiyaları bəzən “ikili təyinatlı” (dual-use) obyektlər sayılır – yəni həm hərbi, həm mülki məqsədlərə xidmət edə bilər. Amma onların vurulmasının nəticələri mülki əhali üçün disproporsional zərər yaradırsa, bu artıq hüquqi və etik müzakirələrin mərkəzinə çevrilir”.
A. Hüseynovun fikrincə, İran bu addımla həm də qarşı tərəfin qərarvermə mexanizmini çətinləşdirmək istəyir.
Rüfət Sultan, BakuPost