Təhsil Nazirliyinin “İctimai Şura”sı qalmaqala səbəb oldu - Ekspertdən ağır ittihamlar

  • 06 Sen 2019 10:42
  • 2950 Baxış
Təhsil Nazirliyinin “İctimai Şura”sı qalmaqala səbəb oldu -  Ekspertdən ağır ittihamlar

Dünən Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər cəmiyyətdə narazılıqla qarşılanıb.


BakuPost xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə olunan bu prosesdə nazirliyin ünvanına sərt ittihamlar irəli sürülüb. Bildirilib ki, komissiyada nazirliyə yaxın adamlar qərarlaşıb və burada heç bir ictimai nəzarətdən söhbət gedə bilməz.


Şuraya seçkilər haqda


Sentyabrın 4-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) akt zalında Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

Səsvermənin nəticəsinə əsasən, İlqar Orucov, Şahlar Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Anar Vəliyev, Mirzə Cəfərzadə, Asif Cahangirov, Mais Əliyev və Hikmət Əlizadə İctimai Şuraya üzv seçiliblər.

Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 2019-cu il 11 iyul tarixli əmrinə əsasən yaradılır. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.

Təhsil Nazirliyindən verilən məlumata görə, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Komissiyaya Təhsil Nazirliyinin 4 və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsi daxildir.



Seçkiyə kənar baxış


Təhsil üzrə ekspert Kamran Əsədov BakuPost-a açıqlamasında deyib ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması olduqca müsbət addım olsa da, nazirliyin şuraya seçkilərin keçirilməsində yalnız təşkilatçı qismində çıxış etmələri barədə Təhsil Nazirliyinin mövqeyi doğru deyil: “İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə 125-dən çox müraciət daxil olub. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Yəni xeyli sayda müraciət müsbət cavablandırılmayıb. Kim seçib o 125 nəfərdən 44 seçici və 34 namizədi? İctimai Şuraya üzvlük və qeydiyyatla bağlı bütün prosesi Təhsil Nazirliyi özü birbaşa nəzarət və həyata keçirirdi”.


“Say tərkibi və digər məsələləri elə özləri öncədən müəyyən etmişdi”

Onun sözlərinə görə, daxil olan müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Komissiyaya Təhsil Nazirliyinin 4 və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsi daxildir. Bəs komissiyanın tərkibi onu deməyə əsas vermirmi ki, Təhsil Nazirliyi yanında İctimai Şura elə onların istədiyi kimi formalaşıb? Say tərkibi və digər məsələləri elə özləri öncədən müəyyən etmişdi”.



Seçkinin tam şəkildə formal keçirildiyini deyən ekspert, nazirliyi saxtakarlıqda ittiham edib: “Əgər həqiqətən Təhsil Nazirliyi yaratdıqları İctimai Şurada keyfiyyət axtarışında olsaydı, özləri ictimaiyyət tərəfindən müsbət qəbul edilən şəxsləri də dəvət edərdilər. Hər şey və hər kəs bir yana, “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin qeydə alınmaması əslində, Təhsil Nazirliyi yanında İctimai Şura haqqında təsəvvür ortaya qoyur. Belə qurum və şəxslər çoxdur”.


“Yalnız 11 dəqiqə canlı yayımlanıb”


Kamran Əsədov seçkilərin canlı yayımlanması ilə bağlı nazirliyin məlumatının da yalan olduğunu dilə gətirib: “Nazirlik deyir ki, şuraya seçkilərin keçirilməsində yalnız təşkilatçı qismində çıxış ediblər. Necə təşkilatçı kimi çıxış ediblər ki, proses “Təhsil” televiziyası tərəfindən canlı yayımlanıb? Digər tərəfdən isə, deyirlər ki, proses “Təhsil” televiziyası tərəfindən canlı yayımlanıb. Amma əslində, tam şəkildə yox, yalnız 11 dəqiqə canlı yayımlanıb. Yəni Təhsil nazirinin müavini, Seçki Komissiyasının sədri Firudin Qurbanovun çıxışı yayımlanıb. Səsvermənin onların dediyi kimi tam aşkar şəraitdə keçirilməsi və nəticələr yerindəcə elan olunması yayımlanmayıb.
Düşünürəm ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri tam ictimai müzakirədən sonra təyin olunmalı idi. Təəssüf ki, ictimai müzakirə olunmadan bütün proses həyata keçirilib”.


Kamran Əsədov öz namizədliyini irəli sürmədiyini, buna lüzum görmədiyini də əlavə edib:
“Mən isə ümumiyyətlə, Təhsil Nazirliyi yanında İctimai Şuraya namizədliyimi irəli sürməmişdim. Çünki müstəqilliyimi hansısa çərçivəyə salmağı düşünmürəm. Əsas da əgər kimsə mənim fikir, təklif və iradıma ehtiyacı varsa, öz dəvət edərdi, namizədliyimi irəli sürərdi. Yoxsa mən əlbəttə ki, onlara heç bir irad, təklif bildirməyəcəm və mənim təkliflərimin də çatdırılmasını istəməyəcəm. Yəni onlar mənim adımdan çıxış edə, mənim iradımı, təklifimi səsləndirə bilməz”.


Gülay

Bakı Post