Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Türkiyəyə səfəri çərçivəsində Ankara şəhərində Türkiyə Respublikasının Prezident Administrasiyasında Siyasi Partiyalarla Əlaqələr üzrə məsul şəxs və AK Parti sədr müavini Kürşad Zorlu ilə görüşüb.
Bakupost.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyəti, parlamentlərarası əməkdaşlıq, qardaş ölkələr arasında siyasi və humanitar əlaqələrin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səbinə Salmanova da iştirak edib.
Tənzilə Rüstəmxanlı Kürşad Zorluya hər zaman göstərdiyi diqqətə və səmimi münasibətə görə təşəkkürünü bildirib.O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı etimada əsaslanan münasibətlərin və rəsmi təmasların davamlı şəkildə möhkəmləndirilməsi hər iki qardaş dövlətin ortaq maraqları, regional əməkdaşlıq və strateji tərəfdaşlığın daha da inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
““Bir millət, iki dövlət” prinsipi əsasında qurulan Azərbaycan-Türkiyə münasibətlərinin gələcək dövrdə də yüksələn xətt üzrə davam edəcəyinə inamımız tamdır” - deyə, millət vəkili vurğulayıb.