Almaniyada aviasiya sektorunda ciddi qalmaqal yaşanıb. Belə ki, “Airbus” tipli sərnişin təyyarəsini azı bir il ərzində idarə edən pilotun lisenziyasının olmadığı məlum olub.
Bakupost.az Almaniya mediasına istinadən xəbər verir ki, hadisə “Eurowings” in tərəfdaşlarından biri olan “Avion Express” aviaşirkətində baş verib.
Litva mənşəli icarə şirkəti “Avion Express”də çalışan və “L. A. B.” insialı ilə təqdim olunan pilotun rəsmi olaraq yalnız köməkçi pilot (ikinci pilot) lisenziyasına malik olduğu müəyyən edilib. Buna baxmayaraq, o, şirkət tərəfindən kapitan pilot kimi uçuşlara buraxılıb.
“Avion Express” adətən, uçuşların sıx olduğu mövsümlərdə təyyarə və ekipaj icarəyə götürür.
Xəbərdə bildirilir ki, “Avion Express” Almaniya mərkəzli “Eurowings” şirkəti ilə əməkdaşlıq edir və lisenziyası olmayan pilotun bu uçuşlarda da iştirak etmiş ola biləcəyi ehtimal olunur.
Şirkət rəsmiləri pilotun məlumatlarının tam şəkildə yoxlanmadığını etiraf ediblər.
Hadisə Avropada uçuş təhlükəsizliyi prosedurlarına dair suallar yaradıb.
Mütəxəssislərin fikrincə, bu hadisə aviasiya nəzarət sistemində ciddi boşluqların olduğunu göstərir. Uçuş təhlükəsizliyi qaydalarına əsasən, hər bir pilotun lisenziyası mütəmadi olaraq yoxlanmalı və səlahiyyət sənədləri təsdiqlənməlidir.
Hadisədən sonra Avropadakı aviasiya orqanları oxşar halların təkrarlanmaması üçün nəzarətin gücləndiriləcəyini açıqlayıb.
Cavid, BakuPost