“The New York Times” Ağdamın Çıraqlı kəndindən yazdı

“Nyu York Tayms” qəzetində nəşrin İstanbul bürosunun rəhbəri Karlotta Qollun Azərbaycanın Ağdam rayonunun Çıraqlı kəndində müharibədən sonrakı vəziyyətə həsr olunan “Mən nə hiss edirəm? Ən əsası odur ki, biz salamatıq” adlı məqaləsi dərc edilib.

"Bakupost.az" xəbər verir ki, məqalədə qoşunların əvvəlki təmas xəttində yerləşən kəndin 20 ildən artıq müddətdən sonra yenidən bütün dünya üçün açıq olmasından bəhs edilir.

Qoll yazır ki, 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs nəticəsində müharibə dayandırılandan sonra dünya sanki Çıraqlı kəndinin sakinlərinin taleyini unutmuşdu. Lakin münaqişə bu kəndin sakinləri üçün başa çatmadı. Atəşkəs nəticəsində iki ordu cəbhə xətti boyunca üzbəüz qaldı, onların arasındakı məsafə cəmi bir neçə yüz metr idi. İndi, altı həftəlik müharibədən sonra bərqərar olan sülh şəraitində kənd camaatı evlərinə qayıdır, mərmi qəlpələrini təmizləyir, gözəl gələcəyə böyük ümidlə evlərini bərpa edirlər.

Ağdam rayonunun Azərbaycana qaytarılması dövründə Çıraqlı kəndində olan müəllif yazır ki, Çıraqlı sakinlərinin öz kəndlərini bərpa etdikləri bir zamanda uzaqda qara tüstü görünür, orada ermənilər öz əşyalarını toplayaraq tərk etdikləri evləri yandırırlar. Ermənistan atəşkəs barədə bəyanata uyğun olaraq qoşunların çıxarılması öhdəliyini üzərinə götürüb. Qoll kənd sakinləri ilə söhbət edib, onlar deyiblər ki, əvvəllər evlərin damına yaxud əkin sahələrinə çıxmaq mümkün deyildi, çünki erməni qoşunları ilə aralarındakı məsafə çox az idi. Erməni qoşunları mütəmadi olaraq kəndi atəşə tuturdular.

Müəllif atışma və erməni hərbçiləri tərəfindən təcavüz aktları nəticəsində doğmalarını itirən kənd sakinlərinin faciəli talelərindən söhbət açır.

Qoll yazır ki, 1994-cü ildə atəşkəslə başa çatan Birinci Qarabağ müharibəsində erməni qüvvələri hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etmişdilər. İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu Dağlıq Qarabağa əsas zərbəni cənub istiqamətində endirdi.

Kənd sakinlərinin əksəriyyəti fermerlərdir və onlar erməni qüvvələrinin çıxarılmasına çox sevinirlər. Çünki indiyədək ermənilərin atəşi altında olan öz əkin sahələrinə bundan sonra ayaq basa biləcəklər.