“Azərbaycanda bəzi tikinti materialları istehsal olunsa da, əksəriyyəti xaricdən idxal olunur. Xüsusən də qonşu Rusiya və Türkiyədən gətirilən inşaat materialları bazarda mühüm yer tutur. Rusiyadan ölkəyə dəmir armatur, metal konstruksiya və taxta məhsulları gəlir. Ukraynadan əsasən artmatur, metal konstruksiya, aluminum və digər məmulatlar gətirilirdi. Lakin müharibə səbəbindən bu idxal dayandırılıb. Bu gün bəzi tikinti materiallarının qiymətində artım müşahidə olunur. Bu, əsasən, taxta materiallarında özünü göstərir. Zamanla bu artımlar davam edəcək. Bu da mənzillərin bahalaşmasına təsir göstərəcək”.
Bunu Bakupost.az -a bazarda bəzi tikinti materiallarının bahalaşmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, taxta materialların bahalaşmasının iki səbəbi ola bilər:
"Taxta materialları Azərbaycana əsasən, Rusiyadan gətirilir. Bakıda onların bahalaşması Rusiyada bu materialların qiymətinin artması ilə izah oluna bilər. Digər səbəb isə rüsumların hesablanması və yaxud da rəsmiləşmə qaydalarının dəyişdirilməsi ola bilər. Bu qaydaların dəyişməsi də iş adamlarının əlavə vəsait xərcləməsinə səbəb olur. Onlar da təbii ki, buna qiymət artımı ilə cavab verirlər".
Ekspert qeyd edib ki, əgər Rusiyada taxta materiallarının qiyməti davamlı şəkildə artacaqsa, bizdə də bu istiqamətdə bahalaşma müşahidə ediləcək:
“Bu halda isə həyət evlərinin qiymətinin artması mümkündür".
Sevinc
BakuPost