“Tramp İlham Əliyevə 4 məktub ünvanlayıb” – ABŞ-ın yeni səfirindən ilginc açıqlamalar

  • 11 May 2019 10:15
  • 1521 Baxış
“Tramp İlham Əliyevə 4 məktub ünvanlayıb”  – ABŞ-ın yeni səfirindən ilginc açıqlamalar
Səfir Litzenberger: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini dəstəkləyir"




ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger (Lee Litzenberger) ilk tam həcmli müsahibəsini "Turan" İnformasiya Agentliyi və "Amerikanın Səsi" radiosuna verib.




Səfir "Amerikanın Səsi" və "Turan" agentliyinə müsahibəsində ABŞ-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik və insan hüquqlarından danışıb.




BakuPost həmin müsahibəni təqdim edir:

 

 




Turan: ABŞ-Azərbaycan münasibətlərinin indiki səviyyəsi Amerika hökumətini qane edirmi? Siyasi münasibətlərin daha da dərinləşməsi üçün nə edilməlidir?




Li Litzenberger: Sizin ABŞ-Azərbaycan münasibətlərinin səviyyəsindən mənim razı olub-olmamağım barədə sualınıza cavabım həm "bəli", həm "xeyr" ola bilər. "Bəli" cavabı barədə açılqama versəm, onu qeyd edə bilərəm ki, indiki məqamda iki dövlət arasında çoxlu sahələrdə olan münasibətlər həqiqətən də çox yaxşıdır, öz qüdrəti, öz gücü ilə seçilən münasibətlərdir. Ümumiyyətlə, bizim tərəfdaşlığımız müxtəlif səpkidə, sahələrdə mövcuddur. Bu tərəfdaşlığa təhlükəsizlik, enerji və iqtisadiyyat, demokratiya və sosial inkişaf kimi sahələr daxildir. O ki qaldı mənim "xeyr" cavabıma, qeyd etmək istərdim ki, ümumiyyətlə, bizim münasibətlərin daha da inkişafı, daha da dərinləşməsi üçün potensial mövcuddur. Mənim Azərbaycanda ABŞ səfiri kimi fəaliyyət göstərdiyim dövrdə məqsədlərim ondan ibarətdir ki, həm Azərbaycan Respublikasının hökuməti ilə, həm də Azərbaycan xalqı ilə birgə fəaliyyət göstərərək Azərbaycanın daha təhlükəsiz, daha firəvan, daha azad və ədalətli dövlətə çevrilməsi istiqamətində yardım göstərim.




Turan: Missiyanız dövründə ABŞ-ın Azərbaycanla münasibətlərinin əsas prioritetlərindən olan insan hüquqları, idarəetmə islahatları ilə bağlı hansı işləri görmək fikrindəsiniz?




Li Litzenberger: Ümumiyyətlə, insan haqları sahəsindən danışarkən qeyd etmək istərdim ki, Azərbaycanda Novruz bayramı ərəfəsində bir əfv fərmanı imzalanmışdı. Bu fərman əsasında bir sıra məhkum olunmuş şəxslər azadlığa buraxılıb. Biz bu faktı çox böyük bir məmnunluq hissi ilə qeyd etmək istəyirik. Sadəcə, düşünürəm ki, Azərbaycanda bu istiqamətdə görüləcək daha çox iş var. Çox ümid edirəm ki, Azərbaycanda bir gün olacaq ki, ümumiyyətlə, hər hansısa əsas azadlıqlarını və ya konstitusiya hüquqlarını bildirdiyinə görə insanlar həbs olunmayacaqlar. O ki qaldı Azərbaycanda tənzimləyici islahatların həyata keçirilməsi istiqamətinə, biz bəyan olunmuş məhkəmə sahəsində keçirilən islahatlarda maraqlıyıq. Düşünürük ki, bu təşəbbüs Azərbaycanda qanunun aliliyi kimi olan məfhumun güclənəcəndirilməsinə təkan verəcək.




Turan: Azərbaycan prezidenti ABŞ-a son rəsmi səfərini 2006-cı ildə edib. Amerika prezidenti Azərbaycana, ümumiyyətlə, səfər etməyib. Amerika dövlət katibi isə sonunciu dəfə Azərbaycana 2012-ci ildə rəsmi səfər edib. Uzun illərdir yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərin baş tutmamasının səbəbləri nədir?




Li Litzenberger: İcazə verin, bu istiqamətdə sizinlə razı olmayım. Yüksək səviyyədə hər hansı münasibətlərin olmaması barədə danışarkən qeyd etmək istərdim ki, ABŞ-ın cari administrasiyası dövründə daimi olaraq yüksək səviyyəli rəsmilər Azərbaycanla təmasda olublar. Prezident Tramp Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə dörd məktub ünvanlayıb. Ötən ilin payızında isə prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə əlaqələndircisi cənab Con Bolton bölgəyə səfər edib. Düşünürəm ki, Con Boltonun Azərbaycana səfəri ümumiyyətlə ABŞ-ın Azərbaycanla olan strateji tərəfdaşlığının bizim üçün çox vacib olmasının əyani təzahürüdür. Ona görə düşünürəm ki, bu istiqamətdə çox müsbət bir trend mövcuddur.




Turan: İki ölkə arasında səksənədək sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Bunun müqabilində ikitərəfli əlaqələrin yüksək inkişafı nə ilə yaddaqalandır?




Li Litzenberger: İlk öncə, iki dövlət arasında mövcud olan münasibətləri, sadəcə, imzalanmış sənədlərin sayı ilə ölçməzdim. Təbii ki, imzalanmış ikitərəfli razılaşmaların mövcud olması, özü-özlüyündə vacibdir, çünki bu sənədlər iki dövlətin münasibətlərinin inkişafı üşün hüquqi zəmin yaradır. Bu baxımdan mənim üçün iki ölkə arasındakı münasibətlərin dəyərini ölçmək üçün vacib görünən nədir? Mən düşünürəm ki, iki dövlət arasında olan dialoqun nə qədər mənalı olması çox vacib amillərdən biridir. İki dövlət arasında, yüksək səviyyəli rəsmilər arasında fikir mübadiləsi, müzakirələrin mövcudluğu da çox vacib bir məsələ olaraq qalır. Artıq qeyd etdiyim kimi, cənab prezident Tramp Azərbaycan prezidentinə dörd məktub ünvanlayıb və cənab Boltonun Azərbaycana səfəri özü-özlüyündə Amerika Birləşmiş Ştatlarının Azərbaycanla münasibətlərini çox vacib hesab etməsinin bir siqnalıdır, əyani təzahürüdür. Gələn həftə burada iqtisadi tərəfdaşlıq komissiyasının iclasını keçirəcəyik. Düşünürəm ki, bu 2012-ci ildən bəri ən yüksək iqtisadi səviyyədə, iqtisadi müstəvidə olan müzakirələr olacaq ki, Azərbaycanda baş tutacaq. ABŞ Azərbaycana "Cənub" qaz dəlizi layihəsinin tamamlanmasında, bu layihənin gerçəkləşməsində dəstək göstərib. Sözgüdən layihə həqiqətən də çox vacib layihədir. Ona görə ki, o, Azərbaycanın enrji ehtiyatlarının, qaz ehtiyatlarının Avropa dövlətlərinə çatdırlımasına yardım edəcək. Mən düşünürəm ki, sözügedən layihə çərçivəsində "Cənub" qaz dəhlizi layihəsi ilk öncə Azərbaycanın iqtisadi inkişafına yardımçı olacaq. Eyni zamanda Azərbaycanın iqtisadi və enerji baxımından müstəqilliyinə təkan verəcək.







Turan: 2018-ci ilin oktyabrında Azərbaycanda səfərdə olan dövlət katibinin köməkçisinin müavini Con Kent bildirmişdi ki, növbəti səfəri zamanı "Azadlıq" radiosunu dinləyəcəyinə ümid edir. Cənab Kent bir neçə gün əvvəl də Azərbaycanda səfərdə olub, amma "Azadlıq" radiosunu dinləyə bilməyib. Rusiyanın bütün media orqanlarının Azərbaycanda ofisləri olduğu halda Amerika Konqresinin maliyyələşdirdiyi "Azadlıq" radiosunun İnternet səhifəsinə girişə belə blok qoyulmasını necə izah edərdiniz? Hazırda radionun Bakı bürosunun açılması üçün hansı səviyyədə danışıqlar aparılır?




Li Litzenberger: Bu sualınıza cavab verərkən, ilk öncə icazənizlə bir ifadədən başlayardım ki, azad və müstəqil tərzdə fəaliyyət göstərən media həm Azərbaycanın iqtisadi və demokratik inkişafı, həm də istənilən dövlətin iqtisadi və demokratik inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə, biz, sözü gedən məsləyə böyük önəm veririk. Digər bir amil də var ki, hər bir şəxs müxtəlif məlumat mənbələrindən məlumat almaq hüququna malik olmalıdır. Mən Azadlıq Radiosunun Azərbaycanda öz yayımını bərpa etməsini və sözügedən radionun veb səhifəsinə qoyulan məhdudiyyətlərin aradan götürülməsini çox görmək istərdim.




Düşünürəm ki, demokratiya şəraitində insanlar müxtəlif mənbələrdən gələn məlumatları əldə etmək və müxtəlif mənbələrdən əldə etdikləri məlumatlara əsasən öz fikirlərini formalaşdırmaq hüququna malik olmalıdır.




Turan: Vaxtilə Azərbaycanda ABŞ-ın çoxsaylı qeyri-hökumət təşkilatları fəaliyyət göstərirdi, "Sülh Korpusu" var idi, hətta müştərək hərbi təlimlər də keçirilib. 2014-cü ildən sonra Azərbaycanda yalnız ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi fəaliyyət göstərir. Amerikanın demokratik institutlarının Azərbaycanda fəaliyyətinin bərpası istiqamətində hansı işləri aparmaq fikrindəsiniz? Xatırladım ki, Amerika Beynəlxalq İnkişaf Agentliyinin rəsmisi də Azərbaycana səfəri zamanı bildirmişdi ki, Azərbaycanda işləmələri üçün mühit yoxdur. İndi də insan haqları və demokratiya ilə bağlı proqramlar ya həyata keçirmir, ya da çox az sayda belə layihələr həyata keçirir. Ümumi görüntü belədir ki, kənd təsərrüfatı sahəsində layihələr həyata keçirirlər.




Li Litzenberger: Sualınızı cavablandırmamışdan öncə, onu qeyd edim ki, ABŞ, ümumiyyətlə Azərbaycana etdiyi yardımdan, onun məbləğindən qürur hissi duyur. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ABŞ Azərbaycana 1,3 milyard dollar məbləğində yardım edib. Ümumiyyətlə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın müxtəlif inkişaf sahələrində sözügedən yardım müxtəlif formalarda təqdim olunub. Amma bu yardımların ümumi məqsədi Azərbaycan vətəndaşlarının həyatlarını daha yaxşı etməkdən ibarət olub. Bu işin bir hissəsi iqtisadi və kənd təsərrüfatı sahələrində irəliləyişə nail olaraq insanların həyatlarının inkişafına təkan verməkdən, digər hissəsi isə vətəndaş cəmiyyətinin və insan hüquqlarının inkişafına dəstək verməkdən ibarətdir. Biz hökumətlə birgə fəaliyyətimizi davam etdirərək sözügedən sahələrdə irəliləyişin əldə olunmasına təkan verəcəyik. Sadəcə, iki sahəni qeyd etmək istərdim və düşünürəm ki, bu sahələrdə öz səylərimi əsirgəməyəcəm. Bu sahələrdə gələcək irəliləyişin əldə olunması istiqamətində öz səylərimi göstərəcəm. Mən istərdim ki, ABŞ-la Azərbaycan arasında mübadilə layihələrinin sayı çoxalsın. İstərdim ki, daha çox sayda azərbaycanlı tələbə və qarşılıqlı olaraq daha çox sayda amerikalı tələbə Azərbaycan və ABŞ-a səfərlər edə bilsinlər. Mən yalnız tələbələr barədə danışmıram, istərdim ki, müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarlar da belə səyahət imkanı əldə edə bilsinlər. Eyni zamanda çox istərdim ki, ingilis dili təlimlərinə insanların daha çox çıxışı olsun. İnsanların ingilis dilini öyrənməsi üçün daha çox imkanı olsun. Bu, Bakıda və Bakıdan kənarda yaşayan insanlara da şamil olunan bir amildir. Düşünürəm ki, sözügedən mübadilə layihələrinin və ingilis dili təlimi fəaliyyətlərinin genişlənməsi bizim üçün digər sahələrdə də uğurlar əldə etmək üçün imkanlar yaradacaq.




Turan: ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun ötən ilin oktyabrında regiona səfəri yerli ekspertlər tərəfindən Amerikanın regionla bağlı siyasətində ciddi dəyişikliklər mesajı kimi dəyərləndirilir. Onun Rusiyanın regionda təsirlərinin zəiflədilməsi, silah satışı, region dövlətlərinin Rusiya və İrana qarşı Amerika sanksiyalarının təsirlərindən qorunması, regionun təhlükəsizliyi, Qərbə inteqrasiya, insan hüquqları və demokratiya ilə bağlı mesajları Amerika hökumətinin hazırda gündəliyində qalırmı? Əgər gündəlikdə qalırsa, bunun həyata keçirilməsi üçün hansı mümkün addımlar atılır?




Li Litzenberger: Təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun bölgəyə səfəri ABŞ və Azərbaycan arasında olan ikitərəfli münasibətlərin güclənməsinin siqnalıdır. Bu, ABŞ-la Azərbaycan arasında olan ikitərəfli münasibətlərin çox güclü olmasının bir təzahürüdür. Həqiqətən də ABŞ və Azərbaycanın təhlükəsizlik sahəsində apardıqları əməkdaşlıq çox güclüdür və bu əməkdaşlıq əsasən qlobal terrorçuluğa qarşı mübarizədə öz əksini tapır. Eyni zamanda Azərbaycanın Əfqanıstanda fəaliyyət göstərən sülhməramlı koalisiyaya verdiyi töhfələr həqiqətən çox vacibdir. Azərbaycan təchizat istiqamətində fəaliyyət göstərərək, nəinki ABŞ-ın, həm də koalisiyanın və Azərbaycanın Əfqanıstanda fəaliyyət göstərən hərbiçilərinə dəstək göstərir. O ki qaldı, sanksiyalar barədə danışdınız, artıq demişdim ki, ABŞ "Cənub" qaz dəhlizi layihəsinə öz dəstəyini bildirmişdir. Bu dəstək Şərq/Qərb enerji əməkdaşlığına imkan yaraqaraq Azərbaycanın iqtisadi inkişafına töhfə verəcək və sanksiyaların istənilən fəsadını aradan qaldırmağa yardım edəcək.




Digər bir məsələyə də toxundunuz. USAİD təşkilatının Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirdiyi layihələr barədə danışdınız. Bu yaxınlarda Qubada və Xaçmazda sözügedən iki layihəyə baş çəkmişdim. Yəni, müxtəlif səpkili bu layihələr vasitəsi ilə Azərbaycanda yerli fermerlərə fındığın, eyni zamanda müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsində yardım edirik və bu, onların ənənəvi olan hər hansı eksport mənbələrindən asılılğını aşağı salır. Eyni zamanda da öz məhsullarını daha əlverişli qiymətə satmaq imkanı yaradır. Bu baxımdan Azərbaycanın davamlı şəkildə iqtisadi inkişafına dair perspektivlər çox yaxşıdır. Ümumilikdə, ABŞ sözügedən perspektivlərə dəstək vermək istəyir.




Turan: Yeri gəlmişkən, Gürcüstan və Ukraynanın Qərb institutlarına, o cümlədən Avropa İttifaqı və NATO-ya inteqrasiyası bu ölkələri ərazi itkiləri ilə üzləşdirdi. Azərbaycan hökuməti Qərb institutlarına inteqrasiyanı sürətləndirərsə Amerika bu ölkəni Rusiyanın təsirlərindən qorumaq üçün nə edə bilər?




Li Litzenberger: Sualnıza belə cavab verə bilərdim. Siz Gürcüstanda və Ukraynada sözügedən olaylar, sözügedən ərazilərin itirilməsi barədə danışdınız. Mən düşünmürəm ki, ərazilərin itirilməsi Gürcüstanın və yaxud Ukraynanın atdığı hər hansı addımların nəticəsi olub. Mən düşünürəm ki, ərazilər üzərində nəzarətin itirilməsi məhz Rusiya tərəfindən açıq-aşkar şəkildə göstərilən aqressiyanın nəticəsi olub. Ümumiyyətlə, Rusiya gücdən istifadə edərək digər dövlətlərin ərazilərini qeyri-qanuni şəkildə işğal edib. Sualınıza cavab olaraq onu da qeyd etmək istəyirəm ki, hər hansı bir dövlət başqa bir dövlətin xarici siyasət istiqamətində atdığı addımlara və verdiyi qərarlara veto qoya bilməz. Deməzdim ki, ərazilər itirilib. Ərazilər işğal altındadır. Düşünmürəm ki, qəbul olunmuş beynəlxalq münasibətlər sistemində hər hansı dövlət digər dövlətlər üzərində təsir edə və ya təsirini əldə etməyə çalışa bilər. O ki qaldı Azərbaycana, mən demək istərdim ki, ABŞ Azərbaycanın ilkin müstəqillik dövründən, Sovet İttifaqından müstəqilliyini qazandıqdan sonra Azərbaycanın müstəqilliyinə həmişə dəstək verib və dəyərləndirib. Biz bu istiqamətdə müxtəlif fəaliyyətlər, o cümlədən energetika sahəsi istiqamətində dəstək göstərmişik. Yenə təkrar etmək istərdim ki, ABŞ Azərbaycanın müstəqilliyinin ilkin dövründən Azərbaycanın müstəqilliyini dəstəkləyir.




Ümumiyyətlə, enerji sahəsində müstəqillik Azərbaycana siyasi müstəvidə öz qərarlarını vermək və öz addımını atmaq imkanı yaradır. Tam suveren olan Azərbaycan qərb bazarlarına və qərb təsisatlarına daha yaxın olmaq istəyirsə, biz bu kimi qərara hörmətlə yanaşırıq və bu qərarı dəstəkləyirik.




Fürsətdən istifadə edərək qeyd edim ki, Rusiyanın işğalçılıq siyasətinə qiymət verilib, o, indiyədək işğalçılıq siyasətinin cəzasını, əziyyətini çəkir.




Turan: ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Millz bildirib ki, ermənilərin böyük əksəriyyətinin danışıqlar prosesinin bir hissəsi kimi işğal olunan ərazilərin qaytarılmasına qəti olaraq qarşı olduğunu görəndə təəccüblənib. Belə olan halda Amerikanın bu münaqişədə sülhün əldə edilməsi ilə bağlı hansı yeni təşəbbüsləri ola bilər? Amerika Bosniyada münaqişəni nizamlayan Delton sülh müqaviləsi kimi, sülhə məcburetmə taktikasından Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında da istifadə edə bilərmi?




 




Li Litzenberger: ABŞ-ın bu istiqamətdə mövqeyi çox aydın və çox açıqdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini dəstəkləyir. Bu da o deməkdir ki, biz münaqişəyə cəlb olunan iki tərəfdən göstərilən və nəticə etibarilə sülh sazişinə gətirib çıxara bilən səyləri çox dəstəkləyirik. Biz ötən il həm yüksək səviyyədə olan təmasların sayının artırılmasını, eyni zamanda təmas xəttində zorakılığın azalmasını müşahidə etmişdik. Bu iki amil çox müsbət olan amillərdir. ABŞ digər iki həmsədr dövlətlə birgə fəaliyyət göstərərək Azərbaycanla və Ermənistan arasında olan sülh danışıqlarına bağlılığı və tərəflər arasında etimadın artırılması üçün göstrərilən fəaliyyətlərə də dəstək verəcək. Çünki bu fəaliyyətlər nəticə etibarilə iki tərəf arasında sülh razılığının əldə olunmasına yardım edəcək. Təmaslar barədə danışdım. Düşünürəm ki, iki dövlətin liderləri və ümumiyyətlə, xarici işlər nazirləri arasında həyata keçirilən görüşlər vacibdir. Lakin dövlət rəhbərləri və xarici işlər nazirlərinın görüşlərinə əlavə olaraq tərəflər öz xalqlarını münaqişənin razılaşdırılmış həlli üçün hazırlaya bilərlər. Mən düşünürəm ki, keçmiş səfir Riçard Millz məhz bu barədə danışırdı.




Turan: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü nə vaxt olacaq? Bununla bağlı məlumatlar dərc olunur?




Li Litzenberger: ABŞ xarici işlər nazirləri arasında görüşləri alqışlayır və adətən lazım olan müvafiq hazırlıq işləri yekunlaşandan sonra eyni zamanda görüşə qatılan bütün tərəflər görüşün keçirilməsi barədə bəyanat verir. İki nazirin görüşməsini biz çox istəyərdik və ümid edirəm ki, yaxın gələcəkdə iki nazir arasında görüş barədə bəyanatlar veriləcək.




Turan: Yəni, Amerikadakı görüş barədə bəyanat verəcəklər?




Li Litzenberger: Görüşə qatılan tərəflər hələ ictimayyətə görüş barədə bəyanat verməyiblər, düşünürəm ki, hazırda aidiyəti olan bütün məsələlər müzakirə edilir. Bu kimi görüşlər barədə bir tərəf qərar vermir. Bütün dövlətlər tərəfindən ümumiləşdirilmiş qərar verilir.




Turan: ABŞ-ın Orta Asiya və Əfqanıstanla bağlı siyasətində Azərbaycanın tranzit rolunun gələcəyini necə görürsünüz?




Li Litzenberger: Azərbaycan artıq tranzit dövlət kimi çox vacibdir. Artıq suallarınızın birinə cavabda Əfqanıstanda xidmət edən beynəlxalq koalisiya qüvvələrinə təchizat baxımından göstərdiyi yardıma və verdiyi töhfələrə görə Azərbaycanın rolunu çox yüksək qiymətləndirdim. Onu da qeyd edim ki, Azərbaycan artıq uzun müddətdir ki, onilliklərdir ki, çox vacibliyi ilə seçilən bir enerji dəhlizi olub. Bu barədə danışarkən fəaliyyətdə olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini qeyd etmək istərdim. Ümid edirik ki, gələn il "Cənub" qaz dəhlizi də öz fəaliyyətinə başlayacaq və bu, Azərbaycanın məhz enerji dəhlizi, enerji tranziti istiqamətində olan inkişafına daha çox təkan verən amillərdən biri olacaq. Düşünürəm ki, sözügedən enerji dəhlizi amili yalnız Azərbaycan deyil, gələcəkdə Xəzərin digər tərəfinə də şamil oluna biləcək. Bu kimi fəaliyyətlər nəticəsində Avropanın enerji təhlükəsizliyinə və Avropanın enerji sabitliyinə böyük töhfələr veriləcək.




Turan: Növbəti sualım siyasi məhbus kimi tanınan şəxslərlə bağlıdır. ABŞ rəsmiləri ümid edirlər ki, Azərbaycanda siyasi məhbuslar olmayacaq. Amma bu günlərdə hüquq müdafiəçiləri daha 11 siyasi məhbusun olması barədə bəyanat verdilər. Bir də həbsdən azadlığa buraxılan siyasi məhbus kimi tanınan şəxslərə, o cümlədən Bayram Məmmədov, Qiyas İbrahimov və keçmiş səhiyyə naziri Əli İnsanova qarşı baş verənlərə münasibətiniz necədir?




Li Litzenberger: Artıq mən qeyd etdim ki, Novruz bayramı ərəfəsində olan əfv fərmanını biz alqışladıq. Düşünürəm ki, kifayət qədər geniş və müfəssəl olan bir əfv fərmanı idi. Bunun nəticəsində çoxsaylı insanlar azadlığa çıxdı. Beynəlxalq müstəvidə də, beynəlxalq icma tərəfindən də bu əfv fərmanına müsbət bir qiymət verildi. Bu atılan addımın nəticəsində Azərbaycan beynəlxalq dəstək qazanaraq daha da təhlükəsiz bir dövlətə çevirildi. Biz buna bənzər əlavə addımların atılmasını görmək istəyərdik. Biz eyni istiqamətdə daha çox addımların atılmasını görmək istəyirik. Onu da deyim ki, siz düz dediniz, əfv fərmanından sonra əks istiqaməti göstərən faktlar da yer aldı. Eyni zamanda müsbət bir irəliləyişi də görürük. Bu gün belə bir xəbər var idi ki, xaricə səyahət etmək qadağası ilə üzləşən dörd jurnalistin üzərindən bu qadağa artıq götürülüb. Tolerantlıq və vətəndaşların hüquqların hörmət edilməsi istiqamətində irəli addım atan Azərbaycan öz maraqlarının irəlilələməsinə şərait yaradır.
“Tramp İlham Əliyevə 4 məktub ünvanlayıb”  – ABŞ-ın yeni səfirindən ilginc açıqlamalar