ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Alyaskada əldə olunmuş razılaşmaların bəzi bəndlərini yenidən nəzərdən keçirə bilər.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət Rusiyanın Donbas üzərində nəzarətinin təsbit olunmasını nəzərdə tutan müddəalardan gedir.
Məlumata görə, Tramp Alyaskada razılaşdırılmış şərtlərdən uzaqlaşmağa hazır olduğunu açıq şəkildə ifadə edib.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə
Bakupost.az-a bildirib ki, ABŞ ilə Rusiya arasında Ankoricdə şifahi razılaşma olub:
“Rusiya təklif edib ki, Donbasın tam olaraq onun nəzarətinə verilməsilə atəşkəs imzalana bilər. Amma görürük ki, ABŞ artıq Qərbin mövqeyini dəstəkləyir”.
Trampın bu istiqamətdə mövqeyini dəyişməsi ekspertin fikrincə, prosesi Rusiyanın lehinə dəyişməyəcək:
“Moskva çox çalışır ki, yenidən ABŞ və Avropanı Ukrayna məsələsindən ayırsın. Lakin artıq Avropa daha güclü tərəfdir. Ukrayna da güclənir, Rusiyaya ciddi zərbələr endirir. Hesab edirəm ki, Ukraynanın mövqeyinin güclənməsi Rusiyanın yenidən danışıqlara başlaması ilə nəticələnəcək”.
Müsahibimiz hesab edir ki, ABŞ artıq Kiyevə əvvəlki kimi təsir edə bilmədiyindən, bu cür açıqlamaları gündəmə gətirməklə bir növ özünü təmizə çıxarmaq istəyir:
“Tramp təbii ki, mövqeyini dəyişə bilər. Amma bununla belə prosesdə Aİ və Böyük Britaniya daha praktiki taktiki xəttə malikdirlər. Belə vəziyyətdə artıq Trampın prosesdə həlledici vasitəçi olması mümkün deyil. ABŞ artıq Ukraynaya əvvəlki qədər təsir edə bilməz. Böyük Britaniya və Aİ-nin prosesdə tam olaraq Kiyevin yanında olmaları Trampın əleyhinə işləyib. Ona görə də indi Alyaskada əldə olunan razılaşmanın bəzi bəndlərinin yenidən nəzərdən keçirilə biləcəyi barədə mesajlar verir”.
Rüfət Sultan,
BakuPost