ABŞ Prezidenti Donald Tramp təqdim etdiyi yeni qanun layihəsinin əleyhinə səs verən Konqres nümayəndələrinin ünvanına sərt ultimatumla çıxış edib və onları siyasi karyeraları ilə təhdid edib.
Bakupost.az məlumat yayır ki, siyasətçi bu fikirləri özünün "Truth Social" platformasındakı hesabında bölüşüb.
O, bu addımı ilə transgender şəxslərə qarşı apardığı mübarizənin mahiyyətini açıqlayıb.
ABŞ rəhbəri "Amerikanı Xilasetmə Aktı"nın həm ölkə, həm də Konqres tarixində ən mühüm sənəd olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu layihə seçki prosesindəki qanunsuzluqları tamamilə aradan qaldırmaq və ənənəvi dəyərləri müdafiə etmək məqsədi daşıyır.
"Yalnız Nümayəndələr Palatası və Senatdakı xəstə, ağlını itirmiş və ya psixi problemləri olan şəxslər Amerikanı Xilasetmə Qanununun əleyhinə çıxa bilərlər. Əgər onlar bu addımı atsalar, hər bir maddə seçki kampaniyaları zamanı onların özlərinə qarşı yönəldiləcək. Bu isə mütləq məğlubiyyət deməkdir!" - deyə Tramp paylaşımında qeyd edib.
Xatırladaq ki, bu, Tramp tərəfindən atılan ilk belə addım deyil. O, 2025-ci ilin yanvarında Floridadan Vaşinqtona səfəri zamanı hərbi sahədə islahatları nəzərdə tutan bir neçə fərman imzalamışdı. Həmin vaxt prezident transgenderlərin orduda xidmətini qadağan edən sərəncamla bərabər, müxtəliflik, bərabərhüquqluluq və inklüzivliyə aid olan bütün proqramları da ləğv etmişdi.