Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin nümayəndələri ilə idarənin əməkdaşları arasında görüş keçirilib.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşün əsas məqsədi gömrük əməkdaşları ilə həmkarlar ittifaqı arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və həyata keçirilən layihələr barədə məlumat mübadiləsinin aparılması olub.
Tədbirdə çıxış edən Birliyin nümayəndələri tərəfindən 2025-ci il ərzində həyata keçirilmiş fəaliyyət istiqamətləri geniş şəkildə təqdim edilib. Bildirilib ki, ötən dövr ərzində əməkdaşların sosial rifahının yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sağlamlıq və istirahət imkanlarının genişləndirilməsi, eləcə də sosial dəstək proqramlarının əhatə dairəsinin artırılması istiqamətində mühüm addımlar atılıb.
Xüsusilə vurğulanıb ki, Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi tərəfindən əməkdaşların hüquqlarının qorunması, onların sosial təminatının gücləndirilməsi və motivasiya mühitinin formalaşdırılması daim prioritet istiqamətlər sırasında yer alır. Bu çərçivədə müxtəlif sosial layihələr, maarifləndirici tədbirlər və innovativ təşəbbüslər uğurla icra olunub.
Görüş zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən son dövrlərdə həyata keçirilən yeniliklər və tətbiq edilən müasir yanaşmalar barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, Konfederasiya tərəfindən rəqəmsallaşma, üzvlərlə operativ əlaqə, sosial xidmətlərin əlçatanlığının artırılması, gənclərlə işin genişləndirilməsi və gender bərabərliyinin təşviqi istiqamətində yeni layihələr həyata keçirilir. Bu layihələr həmkarlar ittifaqlarının fəaliyyətində çevikliyi və effektivliyi artırmaqla yanaşı, əməkdaşların gündəlik ehtiyaclarına daha sürətli cavab verilməsinə imkan yaradır.
Tədbir çərçivəsində Konfederasiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Görüş interaktiv mühitdə davam edib, əməkdaşları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb, təklif və rəylər dinlənilib. Qeyd olunan məsələlər üzrə fikir mübadiləsi aparılması qarşılıqlı anlayışın və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verib.
Sonda qeyd olunub ki, bu cür görüşlər Birliyin fəaliyyət planının daha da genişlənməsinə, onun çoxşaxəli və çevik fəaliyyət modelinin inkişafına mühüm töhfə verir. Vurğulanıb ki, həmkarlar ittifaqlarının fəaliyyəti müasir çağırışlara uyğun olaraq daim yenilənir, əməkdaşların sosial rifahının yüksəldilməsi istiqamətində sistemli və məqsədyönlü işlər daha geniş miqyasda davam etdirilir.