ABŞ Prezidenti Donald Tramp son bir il yarım ərzində artıq 3-cü dəfə sui-qəsdə məruz qalır.
Bakupost.az xəbər verir ki, aprelin 25-də Vaşinqtondakı Hilton otelində keçirilən şam yeməyi zamanı, saat 20:30-da təhlükəsizlik zonasına yaxın ərazidə silahlı şəxs barrikadaya doğru hücum edərək atəş açıb. Dərhal xüsusi xidmət əməkdaşları ərazidə olan Trampı və digər yüksək vəzifəli şəxsləri zaldan çıxarıblar.
Təxminən 5–8 dəfə atəş açıldığı iddia edilir. Məlumata görə, insident saniyələr içində nəzarətə götürülüb və hücum edən Kol Tomas Allen adlı şəxs saxlanılıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl
Bakupost.az-a bildirib ki, baş verən olay daha çox tamaşaya bənzəyir:
“Prosesə baxanda hadisəni törədənin qeyri-peşəkar olduğu üzə çıxır. Hiss olunur ki, həmin şəxs peşəkarcasına hazırlaşmayıb. Bu fonda adamda şübhə yaranır ki, bəlkə də hadisə bir tamaşadır. Necə ola bilər ki, ABŞ kimi bir ölkənin dövlət başçısının qorunması bu həddə zəif olsun? Xilasetmə əməliyyatı zamanı öncə Prezident deyil, vitse-prezidentin aradan çıxarılması da çoxlu suallar doğurur”.
Həmsöhbətimiz vaxtilə Prezident Con Kennedinin öldürülməsi kimi, bu istintaqın da nəyisə ortaya çıxaracağını zənn etmir:
“Hadisəni törədənin İsrail əsgərinin köynəyini geyməsi fonunda hiss olunur ki, bəzi mətbu orqanlar daha çox məhz bu ölkəni hədəf götürürlər. Guya ki, bu artıq Amerikada İsrailə qarşı təzyiq formasıdır”.
İ. İsmayıl olayda İranın barmağının olmasını da istisna etdi:
“Burada İranın əli də yoxdur. Belə olsaydı, növbəti gün İrana qarşı əməliyyata başlamalı idilər. Amma bunu görmürük. Onu terror təşkilatı, İran, İsraillə əlaqələndirmək inandırıcı görünmür”.
Ekspertin sözlərinə görə, hadisə sadəcə, Trampın qeyri-ənənəvi idarəetmə sisteminə qarşı edilən etiraz idi:
“Trampın prezidentliyə namizədliyi dövründə də ona qarşı bu sayaq hadisələr baş vermişdi. Bu da onu göstərir ki, hadisə ola bilsin Trampın qeyri-ənənəvi idarəetmə sisteminə qarşı qeyri-peşəkarcasına edilən bir etiraz forması olub”.
Rüfət Sultan, BakuPost