Ru
17:59 / 23 Fevral 2026

Trampdan İrana son möhlət – Bu məsələ iki həftə ərzində bitəcək

Trampdan İrana son möhlət – Bu məsələ iki həftə ərzində bitəcək
Eye

ABŞ Prezidenti Donald Tramp İranı maksimum 10–15 gün ərzində yeni nüvə sazişi bağlamağa çağırıb.

Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti təyyarədə jurnalistlərə açıqlamasında “bu müddət ərzində irəliləyiş əldə olunmasa, Vaşinqton hərbi addımlar atmalı olacaq”, – deyib.

Tramp bildirib ki, İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyət ABŞ üçün qəbuledilməzdir və məsələ “sonsuz danışıqlar mərhələsində” qala bilməz. Onun sözlərinə görə, yeni razılaşma təkcə nüvə fəaliyyətini deyil, İranın raket proqramını və regiondakı davranışlarını da əhatə etməlidir.

ABŞ mənbələri qeyd edir ki, ultimatum fonunda Vaşinqton Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirib. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gerald R. Ford” aviadaşıyıcısının regiona doğru hərəkəti də bu kontekstdə qiymətləndirilir. Bəzi mənbələr gəminin artıq Aralıq dənizinə daxil olduğunu, digərləri isə onun İsrail limanlarına yaxınlaşdığını yazır. ABŞ və NATO-ya yaxın mənbələr aviadaşıyıcının həftəsonu – bazar günü Fars körfəzinə çatacağını bildirir.

“Reuters” və “Axios”un məlumatına görə, Tramp administrasiyası hərbi variantı son seçim kimi təqdim etsə də, bu ehtimal masadan tam götürülməyib. ABŞ rəsmiləri bildirirlər ki, məqsəd müharibə yox, İranı real güzəştlərə məcbur etməkdir.

İran tərəfi isə təhdid ritorikasını rədd edir. Tehran rəsmi kanallar vasitəsilə bəyan edib ki, hərbi təzyiq dialoqa zərbə vurur, lakin eyni zamanda İran öz təhlükəsizliyini qorumaq üçün bütün vasitələrə malikdir. Mediada yayılan məlumatlara görə, İran müəyyən kompromisləri – o cümlədən yüksək səviyyədə zənginləşdirilmiş uranın məhdudlaşdırılmasını müzakirə etməyə hazırdır.

Müşahidəçilər hesab edirlər ki, qarşıdakı iki həftə ABŞ–İran münasibətlərində həlledici mərhələ olacaq. Yeni saziş əldə olunarsa, gərginlik azala bilər. Əks halda isə regionda siyasi və hərbi eskalasiyanın artacağı istisna edilmir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar