Qazaxıstanın Türkistan şəhəri yaxınlığında Oğuz türklərinə aid IX–X əsrə məxsus Kültöbe daş kitabəsi aşkar edilib.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, kitabə Oranğay kəndindəki orta məktəbin kiçik muzeyində təsadüfən tapılıb.
Daşı tapan Çanaqqala 18 Mart Universitetinin alimi Hayrettin İhsan Erkoç bildirib ki, bu tapıntı Oğuzların yazı mədəniyyəti və siyasi tarixi ilə bağlı əhəmiyyətli məlumatlar verir.
Daş üzərindəki yazı bir sətirdən ibarət olub və oxunması çətin olub. Ekspertlərin ilkin oxuma təklifinə görə, yazıda “kazar kan kul”, yəni “Xəzər xanının qulluqçusu” ifadəsi yer alır. Bu, Oğuz xanlığı ilə Xəzər xaqanlığı arasındakı əlaqəyə işarə edə bilər.
Tapıntının önəmi isə Oğuzların Səlçuqlu dövründən əvvəl də yazı istifadə etdiklərinin sübutudur. Bu vaxta qədər Oğuzların yalnız 13-cü əsrdə yazıdan istifadə etdiyi düşünülürdü.
Erkoç əlavə edib ki, daşın altındakı damğa və üslub Oğuzların mədəni tarixi haqqında yeni məlumatlar təqdim edir və gələcək araşdırmalar üçün zəngin mənbədir.
Cavid, BakuPost